Ordu.az xəbər verir ki, gənc ailəni təbrik üçün toplaşanlar arasında Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin xidmət yoldaşları və döyüşçü dostları da olub. Toy mərasimindən əvvəl isə hərbi qulluqçular və yaxınları tərəfindən şəhidin məzarı ziyarət edilib, Müdafiə Nazirliyi adından əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.
Rayonun “Qəriblər Palace” şadlıq sarayında baş tutan toy mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayıb. Mərasimdə təbrik üçün söz verilən zabit, şəhid Nurəddin Mirzəyevin bir vaxtlar xidmət etdiyi hərbi hissənin kollektivi adından Mirzəyevlər ailəsini təbrik edib və ən xoş arzularını çatdırıb.
Müdafiə Nazirliyi rəhbərliyinin adından da yeni ailəyə təbriklər çatdırılıb və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, şəhid Mirzəyev Nurəddin Eytimad oğlu 1996-cı il dekabrın 20-də Yardımlı rayon Honuba kəndində anadan olub. 2003-cü il sentyabrın 15-də Honuba kənd tam orta məktəbinin birinci sinfinə gedən Nurəddin 2014-cü ilin may ayında orta məktəbi bitirdikdən sonra növbəti il yanvarın 14-də hərbi xidmətə yola düşüb. O, 2016-ci il aprel ayının ikisindən üçünə keçən gecə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidin atası Mirzəyev Eytimad, anası Burciyeva Fəxriyyə, qardaşı Mirzəzadə Nəcməddin, bacısı isə Mirzəzadə Gültacdır.

İlkin Məmmədov
Ordu.az