"Qarabağ məsələsi Paşinyan üçün daha çətin bir məsələdir" - Riçard Hoqland

2019/02/1PnRJ-1550833077.jpg
Oxunub: 18002     15:01     22 Fevral 2019    
"Qarabağ münaqişəsinin həllində ən yaxşı strategiya kiçik addımlarla irəliləməkdir".

Ordu.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri, səfir Riçard Hoqland “Amerikanın Səsi”nə verdiyi müsahibəsində bildirib.

O, dövlət xidmətindən çıxdığını vurğulamaqla, hazırda öz şəxsi mövqeyini bildirdiyini qeyd edib. Onun fikrincə, Qarabağ münaqişəsi Paşinyan üçün daha mürəkkəb məsələdir.

"Uzun illərdir ki, ilk dəfə olaraq Ermənistanın lideri Qarabağdan deyil, buna görə də o, çox diqqətli olmalıdır, radikal dəyişikliklərə getməməli, məsələyə addım-addım yanaşmalıdır", - deyə o qeyd edib.

Tərəflər arasında davam edən dialoq və təmas xəttində gərginliyin kəskin azalması da daxil olmaqla, son inkişaflar, Hoqlandın fikrincə optimist fürsət verir, lakin keçmiş diplomat ciddi bir irəliləyiş gözləməməyi məsləhət görür.

"Bu gün danışıqlar masası üzərində olan "Lavrov layihəsi" hələ tərəflərin heç biri tərəfindən qəbul edilməyib. Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən təklif olunan Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəd müəyyən fərqlərlə "Madrid prinsipləri"nə əsaslanır.

Əsas fərq, Dağlıq Qarabağın əhalisi, o cümlədən Bakının ətrafında yaşayan məcburi köçkünlər arasında keçirilməli olan referendumun təklifidir. Hər iki tərəfin bu layihəni qəbul etməməsinin səbəbi referendumun vaxtının müəyyən edilməməsidir. Çünki bu nə vaxtsa gələcəkdə keçiriləcək referendumdur. Buna görə də, hər iki tərəfdən bu təklifi qəbul etmək üçün bir-birinə qarşı güclü etimad göstərmək tələb olunur. Ancaq bu anda həm İrəvan, həm də Bakı referendumun müəyyən əksini tapan müddətin olmasını istəyir".

Hoqlandın fikrincə, tərəflərin ciddi fikir ayrılıqlarından başqa, regionda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı olmayan qüvvələr var.

"Əsl məsələ isə ondadır ki, doğrudanmı regionun hakimiyyət səlahiyyətliləri bu məsələnin həllində maraqlıdırlar. Hesab edirəm ki, İran problemin həllində maraqlı ola bilər. Ancaq Rusiya bunun həll edilməsini istəyirmi? Bu suala cavab birmənalı deyil. Moskvada qüvvələr var ki, Qarabağ münaqişəsinin həll olunduğu təqdirdə tərəflər üzərində təsir açarlarını itirəcəklərini düşünürlər", - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Paşinyan   İşğal   Təxribat   Danışıqlar  


Bizi "telegram"da izləyin