Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) bəyanat yayıb.
İnsan hüquqları üzrə müvəkkilin nümayəndələri fevralın 20-də Ermənistan Ədliyyə Nazirliyinin "İrəvan-Kentron" cəzaçəkmə müəssisısində saxlanılan məhbus Artur Vardanyana baş çəkib və onunla bağlı tibbi sənədləri nəzərdən keçiriblər.
Fevralın 19-da Artur Vardanyan İnsan hüquqları üzrə müvəkkilin qaynar xəttinə zəng edərək, vəziyyətinin pisləşdiyini, artıq 12 gündür qida qəbul edə bilmədiyini, çəkisinin azaldığını və zəiflədiyini bildirib.
Növbəti gün məhbusa İnsan hüquqları üzrə müvəkkilin nümayəndələri baş çəkib. Məhbus qeyd edib ki, göstərilən dərmanları qəbul etsə də yaxşılaşmır. O, mülki xəstəxanada öz bildiyi həkimin müayinəsindən keçmək niyyətindədir. Onu müayinə edən həkimlər qərara gəliblər ki, məhbus Vardanyan, cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş xəstəxanasında stasionar müalicə olunmalıdır.
Onun xəstəlik tarixçəsində olan məlumata əsasən, Vardanyanda subferbil hərarət, çəki itkisi, qarın nahiyyəsində ağrılar, qidalanmada çətinlik, həmçinin leykosit aşkarlanıb.
İnsan hüquqları üzrə müvəkkilin nümayəndələri cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə də Vardanyanın məsələsi müzakirə ediblər. Vardanyanın öz hesabına istədiyi mülki həkimin yanında müayinə keçməsi məsələsini təşkil etmək təklif edilib.
Xatırladaq ki, 2015-ci il noyabrın 25-də Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvanda ağır cinayət törətməkdə şübhəli bilinən qruplaşmanı zərərsizləşdirib. Yayılan məlumata görə, aparılan axtarış nəticəsində partlayıcı vasitələr, "Muxa" tipli qumbaraatan, tapançalar, qumbaralar, güllələr, o cümlədən zirehli gödəkçələr aşkarlanıb. Axtarış zamanı Vardanyanın rəhbərliyi ilə, onun həyətyanı fərdi evində cinayətkar qrupun 9 üzvünün toplaşdığı və hamısının həbs edildiyi bildirilir.
Ona qarşı qanunsuz silah-sursat, partlayıcı maddə və ya qurğular əldə etmə, daşıma, saxlama, cinayətkar qruplaşmanın təşkili və tərkibində iştiraketmə maddələri üzrə cinayət işi açılıb.
İş üzrə qruplaşmanın rəhbəri Artur Vardanyandan başqa, bütün üzvlərinin həbs qəti imkan tədbiri dəyişdirilib.
Alpər Mövludoğlu
Ordu.az