Türk şairi Mithat Camal Kuntayın dediyi kimi, bayrağı şərəf-ləyaqət simvoluna çevirən, onu özündən bir hissə, namusun bilmənə səbəb onun təmsil etdiyi ölkə, dövlət uğrunda aparılan savaş, mübarizədir. O mübarizə ki, onun dalğalanması, görüntüsü ruhunda azacıq həssaslıq, sevgi olan şəxsdə qürur toxumlarını cücərdir. Öz uğurun kimi şərəf, ləyaqət hissinə boğulursan.
Bu qürur toxumunu cücərdən isə o bayrağın hər rəngi, hər sm üçün vətən oğullarının, qızlarının apardığı mübarizə, tökdüyü qanlar, axıtdığı tərdir.
İstər Çar Rusiyasının müstəmələkə sistemindən çıxaraq əzablı yollarla addımlarkən, istərsə sovet işğalı dövründə ziyalıların beyindən-beyinə, ürəkdən ürəyə ötürülən üçrəngli bayraq Azərbaycan xalqının genetik yaddaşına, bir növ səcdəgahına çevrilib.
İstər 1988-ci ildən başlayan xalq hərəkatı dövründə, istərsə müstəqillik illərinin ağrılı, əzablı, istərsə qürurlu günlərində qəlb köynəyimiz olub. Hər rəngi müqəddəsləşən bayraq damarımızda üçrəngli qana çevrilib.
Zamanın bayraqdarı: Lələtəpə
Uğrunda canlar keçildikcə bu bayraq sadəcə bir parça deyil, canımızdan bir parçaya dönür. Simvolik anlamdan dalğalandığı, dalğalanmasını istədiyimiz, bütün yerlər vətənləşir.
Bayraq özü də bir vətənə çevrilir.
2016-cı il aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi bir təpə olmaqdan əlavə bir simvol idi. Xalqın məğlubluq simptomlarını üzərindən atdı, qırılmış qürurunu özünə qaytardı. Lələtəpə üzərində dalğalanan bayraqla daha da böyük anlam, simvolluq daşımağa başladı. O yüksəklik, Lələtəpə zamanın bayraqdarıdır.
Öz bayraqdarlığı ilə şəhidliyin, mübarizliyin rəmzidir. O rəmz ki, vətən oğullarının qanını, vətən eşqini, alın tərini tərənnüm edir.
Taleyin qisası?!
Cümhuriyyət dövründə erməni təsirləri, basqınları, mübahisəli ərazi problemləri ucbatından Naxçıvanda baş verən özbaşnalıqlar bayrağımızın orada dalğalanmasını gecikdirir və ya buna imkan vermirdi.
Taleyin ironiyasına bax ki, xalq hərəkatından sonra bu bayraq ilk olaraq elə Naxçıvanda rəsmi olaraq dalğalandı. Bəlkə də tarixin haqlı, ədalətli qisası idi.
Azərbaycan Xalıq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə Naxçıvanda - 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul olunub. Azərbaycan SSR-dəsə bu yalnız 1991-ci ilin 5 fevralından etibarən qüvvəyə mindi.
TÜRKÜN BAYRAĞINI KÜLƏKDƏN ÖNCƏ
Şərqdə ilk demokratik cümhuriyyəti quranlar, qadın azadlığı, insan haqları yolunda addımlarıyla bir karvan önündə gedən sarvan rolunu oynamış Azərbaycan qısqanılmalı deyil, qürur duyulası bir məbəd olmalıdır. Türk dünyasının zəfər çağlarının, dövlət uğurlarının tarixən yaşandığı bu torpaqlar.
Türk dünyasının bir parçası, türk bayrağını ucaldığı Azərbaycan. Şair Sabir Yusifoğlunun söylədiyi kimi:
Türkün bayrağını küləkdən öncə
Başların üstündə yellədən qandı.
Günəşdən süzülən işıq selitək,
Doğudan Batıya yol gedən qandı.
Dünyanın yolları alın yazımız,
Dünyanın hər günü bu qandan keçib.
Türkün bayrağından keçən olmayıb,
Əyilib altından yüz dövran keçib.
Silməz yaddaşından batan qanları,
Zamanın hökmüylə barışan deyil.
Tamam bambaşqadı qan qrupumuz,
Hər axıb gedənlə qarışan deyil.
İçimdə yalquzaq yanğısı ilə
Ulayan həsrətdən qaynayır qanım.
Ayı-ulduzuyla göz qamaşdıran
Günəş parçasına oynayır qanım.
Türkün bayrağını küləkdən öncə
Başların üstündə yellədən qandı.
Günəşdən süzülən işıq selitək,
Doğudan Batıya yol gedən qandı.
Şəhidlərin qanıyla aydınlanan tarix
Hər nə qədər bayraqdakı qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə etsə də xalq arasında qırmızı rəng şəhidlərin qanıdır deyə də simvolizə olunur. Qırmızı rəng üzərində aypara və ulduz. Gecə düşərkən şəhidlərin qanı üzərinə düşən aypara o qanı aydınladır, xalqa keçmişini, gəldiyi yolu parıldayan şəhid qanıyla xatırladır...
Birlik, bütövlük rəmzi
İstər Səfəvi dövlətini qurarkən talış, türk həmrəyliyi, istər müasir dövrdə Qarabağ savaşında qanların, tərlərin qarışması bu bayrağı bir bütünlük, bütövlük rəmzinə çevirir.
Ləzgisiylə, talışıyla, kürdüylə, avarıyla, yəhudisiylə və.s.i bu bayrağı bərabərlik, birlik, qardaşlıq simvoluna çevirir.
Onun uğrunda vuruşan hər kəs onun bayraqdarıdır.
Emin Piri
Ordu.az