Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ali sahədə həyata keçirilən sərmayə layihəsi çərçivəsində idxal edilən texnologiya avadanlıqları, onlara aid təkib hissələri və komplektləşdirici hissələr, xammal və digər maddələr, Ermənistan hökümətinin dünən qəbul etdiyi qərarla “Arsenal LTD” şirkətinə vergi güzəştləri ilə təqdim ediləcək.
Qanun layihəsinə əsas kimi şirkətin ali hesab edilən sahədə sərmayə qoyması göstərilib. Qanun layihəsinə görə, şirkət tərəfindən idxal edilən əmlak silah və sursat istehsalında istifadə ediləcək. İdxal ediləcək əmlak siyahısında 11 adda əmlak növü var və onların ümumi dəyəri 414 milyon dram təşkil edir. Bu əmlaklar şirkətin texniki tələblərinə cavab vermədiyindən Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatına üzv ölkələrdən idxal edilmir.
Layihənin müəllifləri hesab edir ki, güzəştlərin mövcud olması yeni layihələrin həyata keçirilməsinə ciddi təkan verəcək. Nəticədə yeni iş yerlərinin yaranmasına, sərmayələrin cəlb edilməsinə, yerli istehsal və ixraca təkan verilməsinə xidmət edəcək. Nə qədər iş yerinin yaradılacağı barədə layihədə heç bir məlumat qeyd edilməyib.
“Arsenal LTD” şirkəti 2017-ci ilin oktyabr ayında yaradılıb, 2018-ci ilin dekabr ayında isə şirkətdə 8 işçi qeydiyyatda olub. Şirkət, silah istehsalı sahəsində ilk lisenziyanı 3 illik müddətinə 2017-ci ildə əldə edib və lisenziya məhvetmə vasitələri, hərbi sursat, güllələr (patronlar) istehsalı üçün verilib.
Qeyd edək ki, kompaniyanın adı tez-tez korrupsiya qalmaqallarında hallanır və bu mənada mənfi imicə sahibdir. Hətta şirkətə sözügedən sahədə fəaliyyət göstərməsi üçün lisenziyanın verilməsi halında da Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın da iştirak etdiyi korrupsiya faktları yayılmışdı.
Alpər Mövludoğlu
Ordu.az