Murovun sərt şaxtası onların VƏTƏN sevgisini dondura bilmədi - MÜSAHİBƏ (FOTOLAR)

2019/02/f7419-1550735330.jpg
Oxunub: 7178     11:23     21 Fevral 2019    
1993-cü ildə ən çətin əməliyyatlarımızdan biri də Kəlbəcər istiqamətində həyata keçirilib. Həmin əməliyyatlar zamanı əsgərlərimiz düşmənə güclü zərbə vurmaqla yanaşı, Murovdağın çətin relyefində təbiətin sərtliyilə də mübarizə aparmalı olublar.

Ordu.az olaraq bu dəfə Murovdağın sərt soyuğunda donan əsgərlərimizin təxliyyəsindən olan yazını təqdim edəcəyik. İlk müsahibimiz, həmin təxliyyədə iştirak edən “Tom” ləqəbli Elşən Abbasovdur.

Elşən Abbasov 1962-ci il yanvarın 9-da Daşkəsən rayonunda anadan olub. 1989-90-cı illərdə yaradılan silahlı dəstələrin formalaşmasında təşkilatçılıq edib. Çaykənd əməliyyatının iştirakçısı, ərazi özünümüdafiə batalyonunun yaradıcılarından biridir.

- Elşən bəy Kəlbəcər əməliyyatından bir neçə donan əsgərlərimizin təxliyyəsində siz də iştirak etmisiniz, bu barədə məlumat verərdiniz.


- Bizim olduğumuz Daşkəsən batalyonu ehtiyatda olan qüvvə kimi qalırdı. 1993-cü ildə ermənilərin Kəlbəcər ərazisində əməliyyatları davam edirdi. Artıq Binə, Yanşaq kəndləri ermənilər tərəfindən işğal edilmişdi, əsgərlərimiz o istiqamətdə çadırlarda qalırdılar. Gətirilən yaralılardan aldığımız məlumatda orda bir neçə əsgərimizin çətin hava şəraitində yolu azdıqları və tara düşdükləri deyildi. Bizə göstəriş verildi ki, sağ qalan əsgərlərin tapılması və təxliyyəsini təmin edək. Bir neçə nəfərlik dəstə ilə yola çıxdıq. Alaxançallı tərəfdən keçib, Günəşli deyilən yer istiqamətində getdik. Bir xeyli aralıda bir ferma var idi, həmin fermaya yaxınlaşanda bir az tədbirli olmağımız tapşırıldı. Soyuğun sərt olmasına baxmayaraq, biz bir müddət hərəkətsiz dayandıq. Bir neçə dəqiqədən sonra asta-asta gizlənərək fermaya yaxınlaşmağı qərara aldıq. Fermaya çatmağa az bir məsafə qalmışdı ki, içəridən bir əsgər çıxdı. Onu tanıdıq, onda bildik ki, fermada bir neçə əsgərimiz var. Bizdən bir neçə nəfər orda qaldı. Qalanlarımız geri dönərək uşaqların yerini tapdığımızı xəbər verdilər. Bizə Müdafiə Nazirliyi tərəfindən helikopter verildi. Həmin helikopter Daşkəsənin idman meydançasından qalxdı. Fermanın yanında qalan uşaqlar onun düşməsi üçün, yer hazırlayırdılar. Bir neçə nəfərimiz isə ermənilərin helikopteri hədəf almasına imkan verməmək üçün onların mövqelərinə yaxınlaşıb mövqelənmişdi.

- Həmin vaxt helikopterlə neçə nəfər təxliyyə edildi?

- Biz ordan yaralı əsgərlərimizlə yanaşı həm də donan əsgərlərimizi çıxartdıq. İki reys etdik, demək olar ki, o da çox çətinliklə. Çünki ilk olaraq qarın altında qalan əsgərlərimizi tapmaqda çətinlik çəkirdik.

- Bəs qarın altında qalanları necə aşkar edirdiniz?

- Yol boyu getdikcə donanları görürdük. Bizim rastımıza çıxanlardan birinin əli görünürdü, birinin başı çölündə qalmışdı. Dəhşətli bir mənzərə idi. Donanların içində bizim əsgərləri çətinliklə seçə bilirdik.


- Çətinliklə deyəndə nəyi nəzərdə tutursunuz məgər başqalarıdamı vardı?

- Əlbəttə ki, bizim əsgərlər hücum əməliyyatlarında itki verməmişdilər. Düzdür yaralılarımız olsa da az sayda idilər. Hücum zamanı ermənilərin xeyli əsgərləri məhv edilmişdi ki, qarın üstündə donaraq qalanların əksəriyyəti də onlar idi. Bəzən əli və ya ayağı görünüən meyiti çıxarırdıq, buna da xeyli vaxt sərf edilirdi. Bir neçə dəfə meyiti çıxarmaq üçün, neçə dəqiqə vaxtımız gedbi. Çıxarandan sonra o alçaqların meyiti olması məlum olub. Axırda bizə əmr edildi ki, qarın altından tapılan meyitlərdən yalnız öz ordumuzun formasında olanları toplayaq. Həmin vaxt 3 reys meyitləri yığdıq.

- Qarın altından donaraq çıxarılan əsgərlərimiz aldıqları yaralardan öldükdən sonramı donmuşdular, yəni onlar yaralı olsalar da çıxa bilməzdilərmi?

- Az öncədə dedim ki, hücum zamanı biz itki verməmişik. Yalnız bir neçə yaralımız olub. Bu, dondan çıxarılan əsgərlərin morqda yuyulması zamanı da təsdiq edildi. Morqdan bizə dedilər ki, uşaqlarımızın ikisini çıxmaq şərtilə heç birində güllə yeri aşkar edilməyib. Amma orda olan ermənilərin 100-lərlə donan silahlıları varıydı ki, hamısının da bədənlərində müxtəlif güllə yerləri varıydı.


- Əsgərlərimizin donmamaq üçün təminatları yox idi?

- Burada başqa bir amil də var. Sonralar donanları ünvanlarına göndərəndə məlum oldu ki, onların heç biri dağlıq rayonlarımızdan olmayıblar. Donmuş əsgərlərimiz ancaq Aran bölgəsindən olublar. Hansı ki, dağlıq hava şəraitinə uyğun olmayan və yerə bələdçiliyi olmayan şəxslər olub.

Mövzu ilə bağlı daha bir müsahibimiz isə həmin əməliyyatlara rəhbərlik edən, ehtiyatda olan zabit mayor Dilqəm Əliyev Sabir oğludur.

- Dilqəm bəy, Kəlbəcər istiqamətində donan əsgərlərimizin təxliyyəsi sizin rəhbərliyinizlə baş tutub. Bu barədə məlumat verməyinizi xahiş edirəm.

- Uzun illərdən sonra bu mövzu barəsində yazdığınız və araşdırdığınız üçün sizə, Ordu.az komandasına minnətdarlığımı bildirirəm. Onu deyim ki, Başkənd əməliyyatından sonra hərbi hissəmizin ən uğurlu əməliyyatı Kəlbəcər əməliyyatı olub. Ümumiyyətlə onu qeyd etmək istəyirəm ki, bu qədər uğurlarımızın fonunda məğlub olmağımızın əsas səbəbi, yenə də kadr çatışmazlığı oldu. Biz həmin hücum vaxtı Yanşaq, Binə, Lev, Çiçəkli Dəmirçilər və başqa bir neçə kəndi, Güzgü yüksəkliyini azad edərək öz nəzarətimizə almışdıq.


- Komandir, Kəlbəcər əməliyyatı barədə məlumat verməyinizi xahiş edirəm. Bu əməliyyatların ilk hücumları uğurlu olsa da, sonradan məğlub olmağımızın səbəbi nə ilə bağlıdır?

- Kəlbəcər əməliyyatı birbaşa yuxarı rəhbərlikdə hazırlanan plan idi. Elə bu səbəbdən də onun bəzi detalları bizə açıqlanmadı. Kəlbəcər əməliyyatında bizim hərbi hissəmizdən 2 batalyon o istiqamətə ayrılmışdı. 1994-cü ilin fevral ayında başlayan əməliyyatlarda bir neçə silahlı dəstələr də cəmləşdirildi. Bizdən 5-ci batalyon, Daşkəsəndən 1 bölük, Gədəbəy batalyonundan 1 bölük, Şəmkir batalyonundan 2 bölük seçilərək Kəlbəcər istiqamətində gedən əməliyyatlara göndərildi. Onu da bildirim ki, həmin əməliyyatlarda Lev kəndinə qədər bizim öndə gedən dəstələrimiz düşməni məhv etmişdilər.

- Ermənilər bu əməliyyat zamanı çox itki verdilər?

- Ermənilər bu hücumlar qarşısında geri çəkilirdilər. Amma çəkildikcə də müəyyən kələklərə əl atırdılar. Həmin kələklərdən biri də Lev kəndində oldu. Onlar, Levdə bizim əsgərlərin görə biləcəyi şəkildə kənddən geri çəkildi. Bizim əsgərlərimiz bunu görüb, arxayın bir şəkildə kəndə girdilər. Ermənilər bundan istifadə edərək, kəndin sağ və sol cinahlarından geri dönərək kəndi mühasirəyə alırlar. Mühasirə həlqəsinin daraldığını görən bizim PDM ekipajı ermənilərin bu istəyini ürəyində qoydu. PDM 2-nin komandiri Bəhruz, sürücü mexanik Vəli, tuşlayıcı operator Xəlilov Ülvi Zakir oğlu yüksək bir yerdən erməniləri atəşə tutmağa başladı. Onu da sizə deyim ki, həmin 3 nəfər Lev kəndində düşmənin 70-80 nəfər canlı qüvvəsini məhv etməyə nail oldu.

- Biz bu əməliyyatda itki vermədik?

- Yox, itki verdik, baxmayaraq ki, hücum edən tərəf biz idik, itkilərimiz az oldu. Bir neçə nəfər də yaralılarımız oldu. Xatırladım ki, həmin döyüşlər zamanı, 5-ci batalyonun komandiri Nəbiyev Xəqani vuruldu, ondan sonra batalyona Stansiya Şəmkirdən serjant rütbəsi olan Mahmud adlı oğlan komandirlik etdi. Həmin mühasirədən cəmi 2 itkiylə çıxdıq.


- Komandir, o vaxt Kəlbəcər istiqamətində soyuqdan donan əsgərlərimizin tapılması üçün gedən kəşfiyyata da siz rəhbərlik etmisiniz. Həmin vaxt bu cür donmadan xilas olmaq mümün idimi?

- Bəli mən və briqadanın kəşfiyyat bölüyünün komandiri Telman Həsənov, Daşkəsən batalyonu kəşfiyyat taqımının komandiri Əli Musayev, sıravi Elşən Abbasov, Elman Zakirov, Rəhim, təxminən 12 nəfərlik heyətlə Daşkəsənin Zivlən kəndinə getdik. Orada Əli adlı kişi varı idi, bir gecə onlarda qaldıq. Bir gün orada qaldığımız müddətdə mağazalardan ancaq şokolad götürürdük. Çünki, həm yol uzaq, həm də qarın qalın olması bizim işimizi çətinləşdirəcəkdi. Ən əsası, bizim belə bir təcrübəmiz də olmuşdu ki, götürdüyümüz ərzaq donduğu üçün, yeyə bilməmişdik. Bu səbəbdən də ərzaq əvəzinə şokoladın götürülməsini məqsədəuyğun hesab etdik. Biz Zivləndən keçib Kəlbəcərə aşdıq, getdiyimiz yolların hər tərəfində nə qədər meyitlər gördük. Cəmilli kəndinin qoyun binələrindən keçərək, Təkəqaya istiqamətində qalan əsgələrimizin bir qisminin yerini öyrəndik. Onların yerini bildikdən sonra bir neçə uşaqlarımız orda qaldı və biz geri döndük, Daşkəsəndən helikopterlə qalxdıq, 50 nəfərə yaxın əsgərimizi 2 uçuşla xilas etdik.

- Donmaya əsas səbəb əsgərlərin yorğunluğu, yoxsa yaralanmaları olub?

- Hər bir hava şəraitinin özünəməxsus döyüş taktikası var. Əlbəttə, buna ciddi əməl edilsə ya itki olmaz, ya da maksimum dərəcədə az olar. Bunlardan biri də dondurucu şaxtada əməliyyat şəraitini dəyərləndirməkdir. Xüsusən də Kəlbəcər əməliyyatı zamanı, Murovdağ kimi bir yerdə əməliyyatın aparılması xüsusi həssaslıq tələb edir. Bu cür dağ şəraitində əməliyyat aparmaq elə də asan deyil, bu əməliyyatların təşkili isə bu sahədə ixtisaslaşan mütəxəssislər tərəfindən aparılmalıdır.

- Bəs Kəlbəcər əməliyyatında çatışmazlıqlar nədən ibarət idi ki, əzgərlərimiz donvurmaya məruz qalmışdılar?

- Kəlbəcər əməliyyatının əsas çatışmazlıqları nə idi?
- Birinci, normal rabitənin təşkil olunmaması;
- İkinci, irəlidə döyüş aparan dəstəyə lazım olan sursat və ərzağın vaxtında çatıdırlmaması;
- Üçüncü, əsas vasitələrdən biri olan qış geyimləri;
- Dördüncü, yaralıların köçürülməsi və onlara tibbi müdaxilələrin vaxtında təşkil edilməsi;
- Beşinci, ən əsası isə bu cür yerlərdə döyüşmək üçün, ya həmin təbiətə uyğun olan yerlərdən olan əsgərlər cəm olunmalı, ya da bir neçə ay öncədən bu şəraitə uyğun hərbi təlimlər keçirilməli idi. Lakin, bunların heç biri o vaxt olmadığı üçün, əsgərlərimiz donvurmaya məruz qaldılar.


- Donmaların əsas səbəbləri yalnız bunlar idi, əgər əsgər hərəkətdə olursa, necə donvurmaya məruz qala bilər?

- Donmaların əsas səbəbləri yuxarıda sadaladığım məqamlardır. Hərəkətdə olan zaman donmaya gəlincə isə bəzən, insan donduğunu hiss etmir. Çünki, daimi hərəkətdə olması, onların əməliyyatdan sonra yorğun olmaları, soyuğu hiss etdirmir. Belə olan halda əsgər yorğun olduğu vaxt yuxuya qalır. Düşünür ki, cəmi bir neçə dəqiqə yatıb sonra ayıla bilər. O, yatdıqdan sonra isə artıq gec olur. Elə bizim əsgərlərin də bir çoxunun donmasının əsas səbəbi yorğun olub yatmaqdan baş verib. Təsəvvür edin ki, bəzən gün boyu, bəzən 2 gün belə döyüşdə olan əsgər yuxu yatmır. Amma bir balaca ara sakitləşən kimi, yorğunluqdan adamı yuxu tutur. Yuxuya daldıqdan sonra, artıq şaxta öz işini görmüş olur.

- Müsahibə üçün təşəkkür edirəm.

- Əsas mən təşəkkür edirəm ki, bu cür vacib məqamları işıqlandırırsız.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Murovdağ   Vətən  


Bizi "telegram"da izləyin