Ordu.az kollektivi olaraq Murovdağ silsiləsində yerləşən ordu bölmələrindəyik. Bəlkə də çoxları üçün bura çətinliklərin və şəraitsizliyin olduğu yer kimi təsvir edilir. Bəli, burada çətinliklər var. Ancaq söhbət kəskin hava şəraitinin yaratdığı çətinliklərdən və coğrafi relyefdən gedə bilər. Çünki qarlı-boranlı Murovda yerləşən bölmələr üçün yaradılan şərait heç də şəhər mərkəzlərində yerləşən hərbi hissələrdən geri qalmır. Adəti üzrə ən yüksək zirvəyə qalxmağı qərara aldıq. Burada gördüklərimiz bizi sözün əsl mənasında heyrətləndirdi. İlk həmsöhbətimiz hərbi qulluqçu Süleymanov oldu. O bizə burada xidmətin təşkilindən və şəxsi heyətin mənəvi-psixoloji durumundan danışdı:

“Burada xidmət aparmaq böyük şərəfdir. Mən bir Azərbaycan zabiti kimi hər zaman Murovdağ silsiləsində xidmət apardığım üçün fəxr edirəm. Gördüyünüz kimi yüksək komandanlığın bizə ayrıldığı diqqət və qayğısı nəticəsində bölmələrimiz bütün müasir vasitələrlə təmin olunub. Şəxsi heyyətin sağlamlığı və məişət şəraiti maksimum səviyyədə yaxşılaşdırılıb. Bütün bu amillər əsgərlərin döyüş ruhunu daha da yaxşılaşdırır...”.
Həmsöhbətimiz, qarşıda duran düşmənlə Azərbaycan Ordusunun maddi-texniki təminatının müqayisə edilə bilməyəcəyini və hər an döyüşə hazır olduqlarını bildirdi.

“Demək olar ki, müqayisə predmeti ola bilməz. Özünüz görürsünüz ki, burada əsgərlərimiz qar eynəyinə qədər təmin olunub. Ən yüksək postlarımızın maşın yolu, işığı, suyu, müasir rabitə vasitələri, habelə tibb personalı və tibbi pereparatları var. Ancaq qarşıda duran düşmən bölmələrinin heç xüsusi isti geyimləri belə yoxdur. O ki qaldı ərzaq və digər təminatlara. Buradan əminliklə deyə bilərəm ki, ən çətin hava şəraitində belə cənab Ali Baş komandanın döyüş əmrini yerinə yetirməyə, işğal altında olan Azərbaycan torpaqlarını azad etməyə hazırıq”, - deyə kapitan Süleymanov qeyd edib.

Müşahidə zamanı qarlı zirvədə tikilmiş müasir hamam, yataqxana, mətbəxin həmçinin əsgərlərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan kiçik kitabxana və digər idman qurğularının da şahidi olduq. Gördüklərimizdən bu qənaətə gəlmək olar ki, Murov əsgəri heç də gözdən və könüldən uzaqda deyil.
Sonda onu da qeyd edək ki, hər günü bir xatirə olan zirvələrə qalxmaq bizim üçün də müqəddəs ziyarət və unudulmayacaq xatirə oldu.

Elgün Gəncimsoy
Ordu.az