Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində əsasən iriçaplı pulemyotlardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.
Ay boyunca cəbhə xəttində vəziyyətin nisbətən sabit olmasına baxmayaraq, dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan mövqelərindən mülki sakinlərimizi atəşə tutub.
Hadisə günün ikinci yarısında rayonun Mirəşelli kəndi ərazisində baş verib.
Belə ki, Bakı şəhərindən rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayon Baş Qərvənd kənd sakini, 01.01.1945 təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir qrup yaxın qohumları düşmən tərəfindən atəşə tutulub.
Yaşlı qadın düşmən atəşi nəticəsində qulaq nahiyəsindən yaralanıb. Ağdam rayon xəstəxanasına aparılan mülki sakinə ilkin tibbi yardım göstərilib.
Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.
Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Düşmənin məhz bu qəbiristanlığı atəşə tutması nəticəsində xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlər də olub.
Ay ərzində bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Ordu.az