Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan Silahlı Qüvvələri il ərzində cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla yanaşı, mülki obyektləri və sakinləri də atəşə tutub.
Aşağıda düşmənin il ərzində mülki obyektlərə və sakinlərə istiqamətlənmiş təxribatçı fəaliyyətlərini təqdim edirik:
- Yanvarın 20-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutmağa başlayıb. Belə ki, günorta saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib. Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub.
- Aprelin 9-da təxminən saat 13:00-14:00 radələrində Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndindəki mövqelərindən rayonun Orta Qərvənd kəndini pulemyot və minaatanlardan atəşə tutub. Atəşə məruz qalan dinc sakinlər arasında xəsarət alan olmasa da yaşayış evinə və mal-qaraya ziyan dəyib.
- Apelin 18-də isə Ermənistan Silahlı Qüvvələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub. Nəticədə, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.
- Mayın 2-də axşam saat 20:00 radələrində rayonun Çəmənli kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin bölmələri içərisində Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları olan yük avtomobilini atəşə tutublar. Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları Ağdamın Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedərkən atəşə məruz qalıblar.
Müdafiə Nazirliyin açıqlamasında qeyd olunub ki, 02-AC-416 dövlət nömrə-nişanlı “KamAZ 43114” markalı avtomobil gülləbaran edilib. İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb.
- Mayın 29-da Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub. Hadisə nəticəsində kombaynın sürücüsü Həsənov Taleh Kamandar oğlu xəsarət almasa da, kənd təsərrüfatı texnikasına ziyan dəyib.
- İyunun 15-də Qazaxda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb. Nəticədə, rayonun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləna Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.
Məlumata görə, dinc sakin təmas xəttinə yaxın ərazidə quzu otararkən, ermənilərin atəşi altına düşüb və yaralanıb.
- İyulun 17-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çıraqlı kəndi atəşə tutulub. Hadisə təxminən saat 12:20 radələrində qeydə alınıb. Düşmən öncə kənd ərazisində işləyən Ağdam subartezian quyularının istismarı idarəsinin texnikasını və əməkdaşlarını atəşə tutub.
Daha sonra kənd avtomat və pulemyotlardan açılan düşmən atəşinə məruz qalıb. Nəticədə itki olmasa da, kəndi ehtiyat su ilə təmin edən su çəni bir neçə yerdən deşilib.
- Sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib. Düşmən tərəfi xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub.
Hərbi qulluqçular və əhali arasında xəsarət alan olmasa da, Koxanəbi kəndində evlərin damına, Əsrik-Cırdaxan kəndi ərazisində bir “VAZ” 2107 markalı avtomobilə və Koxanəbi kəndinin qəbirstanlığına ziyan dəyib. İriçaplı silahlardan atılan mərmilər Əsik-Cırdaxan və Koxanəbi kəndinin kəndin mərkəzinə və kəndlərlə rayon mərkəzini birləşdirən yoladək çatıb. Daha çox ziyan Koxanəbi kəndində qeydə alınıb.
Dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan mövqelərindən mülki sakinlərimizi növbəti dəfə atəşə tutub. Hadisə günün ikinci yarısında rayonun Mirəşelli kəndi ərazisində baş verib.
Belə ki, Bakı şəhərindən rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayon Baş Qərvənd kənd sakini, 01.01.1945 təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir qrup yaxın qohumları düşmən tərəfindən atəşə tutulub. Yaşlı qadın düşmən atəşi nəticəsində qulaq nahiyəsindən yaralanıb. Ağdam rayon xəstəxanasına aparılan mülki sakinə ilkin tibbi yardım göstərilib.
Faktiki olaraq, bu kimi hadisələr Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır və cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədi daşıyır.
Şahin Qocayev
Ordu.az