Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, alyansın 8 ölkədən - Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, Oman, Bəhreyn, Misir və İordaniyadan ibarət olacağı ehtimal edilir.
İlkin olaraq 2011-ci ildə irəli sürülən Ərəb ölkələrinin hərbi ittifaqının formalaşdırılması Obama administrasiyasından daha çox Tramp hökumətinin marağını cəlb edib.
Obama ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu azaltmağa meyilli idisə, Tramp administrasiyası xüsusilə ABŞ-İran əlaqələrində ayrılmanın kəskinləşdiyi bir vaxtda regionda daha da möhkəmlənməyə çalışır.
Rusiya Beynəlxalq İşlər Şurasının eksperti Anton Mardasov bildirib ki, ABŞ-ın anti-İran cəbhəsi yaratma ideyası heç də yeni deyil və üstəlik bu ideya daha öncə Ərəb dövlətləri arasında mövcud olan ziddiyyətlərdən dolayı həyata keçməyib.
“Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi arasındakı rəqabət, Yəmən münaqişəsində komandanlıqda üzə çıxan problemlər bu ideyanın üstündən xətt çəkdi. Ərəb dövlətlərinin İrana qarşı yanaşmasında konsensus yoxdur”, - deyə Mardasov bildirib.
Yaxın Şərq üzrə ixtisaslaşmış başqa bir rusiyalı ekspert Maksim Suçkov bildirib ki, MESA Rusiyanı narahat etməməlidir.
“Əvvəla, plan yarı-dəstək qazanıb. İkincisi Ərəb dövlətləri son bir neçə il ərzində beynəlxalq aktorlarla münasibətlərində kəskin fərqlər nümayiş etdirirlər. Bu o deməkdir ki, onların Moskva ilə hərbi və siyasi kontaktları yenə də əhəmiyyətli olaraq qalacaq”, - deyə Suçkov söyləyir.
O, Rusiyanın bu ölkələrdən bir neçəsi ilə hərbi partnyorluq əlaqəsinə sahib olduğunu, üstəlik Səudiyyə Ərəbistanı, Qətər və Misirin S-400-lərlə maraqlandığını xatırladıb.
Ağalar Ağalarlı
Ordu.az