Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyədən mərasimə Müdafiə Sənayesi Müstəşarlığının rəsmiləri və layihədə iştirak edən Türkiyə şirkətlərinin nümayəndələri qatılıb.
Türkiyə F-35 proqramında layihənin başladığı 1999-cu ildən etibarən iştirak edir və Türkiyənin müdafiə şirkətləri bu təyyarələrin istehsalında aktiv rol oynayıb.
18-0001 quyruq nömrəsilə təhvil götürülən ilk F-35 təyyarəsi pilot təlimlərində istifadə edilmək üzrə Arizonada yerləşən “Luke” aviabazasında tapşırıq yerinə yetirəcək. İlk təyyarənin ardından yaxın günlərdə ikinci təyyarənin, 2019-cu ilin mart ayında üç və dördüncü təyyarə alınacaq. Türkiyə pilotlarının təlim müddəti boyunca təyyarələr ABŞ-da qalacaq. Təslim ediləcək 5 və 6-cı təyyarə isə 2019-cu ilin noyabrında istehsalının tamamlanmasından sonra Türkiyəyə veriləcək.
Qəbul edilən ilk F-35 Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına girən ilk beşinci nəsil döyüş təyyarəsi olacaq. Bu təyyarə sahib olduğu gizlilik, sensor texnologiyaları və radar sistemi kimi qabaqcıl imkanlarla HHQ-nin əməliyyat effektivliyinə əhəmiyyətli töhfə verəcək. Türkiyə bu təyyarələrdən 100 ədəd almağı planlaşdırır. Bu çərçivədə hal-hazırda 30 ədəd təyyarə sifariş verilib.
Ağalar Ağalarlı
Ordu.az