Ordu.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğınlardan sonra cəbhəətrafı yaşayış məntəqələrində yırtıcı heyvanların və zərərverici həşaratların sayı kəskin şəkildə artıb.
Belə ki, sözügedən hallar Ağdam rayonunun Orta Qışlaq, Ayaq Qərvənd, Tərtər rayonunun Qaradağlı, Qapanlı, Qazıyan kəndlərində müşahidə olunub.
Kənd sakinləri əməkdaşımızla söhbət zamanı bildiriblər ki, yanğınlardan sonra kənddə zəhərli ilanların sayı durmadan artıb. Hətta ilanların evlərə soxulması halı da az baş verməyib. Bununla yanaşı kəndlərdə gəmiricilərin kütləvi hücumu nəticəsində xeyli sayda ev quşları tələf olub.
Məlumata görə, Tərtər rayonunun cəbhə kəndlərində ziyanverici həşaratlar əkin sahələrindəki dənli bitkilərə ziyan vurub. Sakinlər belə halların demək olar ki, hər il baş verdiyini bildirirlər.
Beləliklə, Ermənistan Silahlı Qüvvələri işğal altında olan Azərbaycan torpaqlarını yandırmaqla dinc sakinlərə qarşı növbəti təxribat aktını həyata keçirir.
Elgün Gəncimsoy
Ordu.az