Dünən bir qrup erməni ekspertlər, bloqerlər və jurnalistlər Ermənistan ordusunun zabitlərinin müşayiəti altında Ermənistan-Naxçıvan sərhəddindəki ön xətt mövqelərində olublar.
Erməni politoloq Styopa Safaryan "Facebook" səhifəsində son günlər yayılan dezinformasiyaları ümumiləşdirib və baş verən proseslərdə Azərbaycan Ordusunun qələbəsini kiçiltməyə çalışıb. Təbii ki, bu kimi məlumatlar ilk növbədə yeni hakimiyyətə gəlmiş Paşinyan hökumətini sudan quruya çıxarmaq, daxili auditoriyanı aldatmaqdırsa, digər tərəfdən müxtəlif təxribatçı resurslar vasitəsilə cəmiyyətimizin fikirlərinə təsir etmək, ən azından beyinlərdə yeni suallar yaratmaq məqsədi güdür.
Ordu.az bu yazıda Safaryanın dezinformasiyalarına elə öz dillərindən səsləndirilən bəyanatlarla cavab verəcək.
Safaryan: "Qısa deyim ki, keçmişdə olduğu kimi Günnüt dağının zirvəsində bizim mövqelərdir və bizim əsgərlərdir. Tərk edilmiş Günnüt kəndi, keçmişdə olduğu kimi yaşayışsız bizim mövqelərin nəzarəti altındadır. Axmaq kimi olan qum torbaları tam bizim yumruğumuz altındadır. Kəndin yenidən məskunlaşdırılması dəhşətli şəkildə çətin və yersiz olar".
Razm.info: "Günnüt kəndi istiqamətində irəliləməklə Azərbaycan tərəfi yeni mövqelərə apardığı ehtimal olunan 5 yeni yol çəkib. Əvvəllər bu sahədə mövqelərarası genişlik məsafəsi 4.5-5 km olub. Hazırda isə Ermənistan və Azərbaycan mövqeləri arasındakı uzaqlıq məsafəsi 750-1600 metrədək qısalıb. Qeyd edək ki, erməni mövqeləri məhz tərk edilmiş Günnüt kəndi ərazisində yerləşirdi".
Safaryan: "Arpa (Areni) kəndi və ya İrəvan-Gorus-Xankəndi yolunun atəş altına saxlanılması hekayədir. Azərbaycanlıların keçmişdə sahib olduğu mövqelər, olduğu kimi qalmaqdadır. Realda, qeyd etdiyim kimi bizim hakim olduğumuz yüksəkliklərin ətəklərindəki təpələrdə yerləşmə cəhdləri edilir, ancaq burada da həll edə bilməyəcəkləri, çox sayda problem var. 50 km yol inşasından söhbət gedə bilməz. Bu hekayədir".
"Facebook" sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan: "Areni kəndinin yaxınlığında Azərbaycan tərəfinin yeni mövqelərini, fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlara və inkar edənlərə, xahiş edirəm ki, Areni kəndinə gəlib əmin olsunlar".
Razm.info: "17 may tarixindən sonra mühəndis işləri aparılmağa başlayıb. Arpa (Areni) kəndi istiqamətində şərqə doğru yeni yol açaraq, iki erməni mövqeyi arasında olan yüksəklikdə mövqe tutulub. 17 may tarixindən sonra mövqelərimizə ən yaxın məsafə 750 metr, Arpa kəndinin meyvə bağlarından isə təqribən 2000 metr məsafədə olmaqla, su anbarının cənub istiqamətində yerləşən ərazilər tutularaq yeni mövqe qurulub".
Ermənistan mətbuat katibi Artsrun Hovhannisyan: "Mən bir söz deyə bilmərəm, Azərbaycan öz tərəfində yeni mövqelər qura bilər. Onların mövqeləri, öz dövlətlərinin sərhədləri daxilindədir".
Arpa kənd rəhbərliyinin nümayəndəsi Qevorq Simonyan: "Ermənistan müdafiə nazirliyindən gəldilər. Hamı da bilir, gəlib baxıb. Onlar mövqeni yeni qoyublar. Açıq-aydın dağın təpəsindədir".
Qeyd edək ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.
Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.
Alpər Mövludoğlu
Ordu.az