Amalımız Vətən - yolumuz Qarabağ: Hərbi ekspert Hərb Tarixi Muzeyinə ekskursiya təşkil etdi – FOTOLAR

2018/06/6_9171177162.jpg
Oxunub: 3094     15:31     09 İyun 2018    
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi ərəfəsində, Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəhbərliyinin və Ordu.az saytının dəstəyi ilə, sosial şəbəkədə fəaliyyət göstərən “Legion Hərbi Vətənpərvərlik Klubu” qrupunun üzvləri üçün, Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyinə ekskursiya təşkil edilib.

İştirakçılar arasında Qarabağ qaziləri, vətənpərvər gənclər, müxtəlif peşə sahibləri və onların ailə üzvləri də olub. Eksponatlarla tanışlıq çərçivəsində muzey rəisi, polkovnik Əzizağa Qənizadənin də şəxsi diqqəti ilə, muzeyin əməkdaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması haqqında iştirakçılara geniş məlumatlar verib.


Muzeyin zallarından biri Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin həyat və Vətən qarşısında xidmətlərinə həsr olunub. Bu zalda onun fəaliyyətini əks etdirən eksponatların çoxluğu, iştirakçıları heyran edib. Muzey əməkdaşları əyani olaraq Ulu Öndərin istifadə etdiyi vasitələri göstərib və geniş məlumatlarla gəncləri məlumatlandırıb.


Bu gün muzeydə əsrlər öncə istifadə edilən hərb silahlarından tutmuş, hazırda Azərbaycan ordusunda yer alan müasir silahların maketləri və həqiqi vahidləri sərgilənir. Xüsusilə, Qarabağ müharibəsi dövründə istifadə edilən silahlar, şəhid hərbçilərimizə məxsus geyimlər, şəxsi əşyalar Qarabağ qaziləri və gənclər arasında olduqca təəssürat yaratdı. Onlar bu silahlarla böyük döyüş yolu keçərək, Vətən uğrunda döyüşmüşdülər. “Legion” qrupunun moderatorlarından olan, Qarabağ qazisi İlham Əliyev, hətta Qarabağ döyüşü stendində özünün şəkilini görüb təsirləndi.


Daha sonra açıq havada sərgilənmiş hərbi texnikalara baxış keçirildi. Gənclərin çoxunun filmlərdə, şəkillərdə gördüyü texnikaların sərgisi, onların həyəcan və sevincinə səbəb oldu. Muzey əməkdaşı açıq havada sərgilənən tanklar, PDM və KDM, təyyarə və helikopterlər, HHM vasitələri, HDQ silah və sursatları, gəmilər, artilleriya və zenit qurğuları haqqında dəqiq məlumat verərək iştirakçıların suallarına geniş çavab verdi.

Əsasən, Həzi Aslanovun və Albert Aqarunovun istifadə etdikləri tank nümunələri haqqında məlumatlar, həm gənc, həm də yaşlı nəsilin nümayəndələrinə fəxarət hissi yaşatdı.


Təşkil edilən ekskursiya, bu gün ərazisi işğal altında Azərbaycan gəncləri üçün bir nümunədir. “Legion” HVK olaraq, bu kimi tədbirlərin ölkənin bütün vətənpərvər gəncləri ilə birgə keçirilməli olduğunu anlayaraq, bu işdə bizə dəstək olan hər bir şəxsə təşəkkürümüzü bildiririk.

Biz, Azərbaycan Respublikasının çiçəklənməsi, güclənməsi və nəinki Qafqazda, həm də dünyada xüsusən sayılan dövlətlərdən biri olması üçün hər zaman əmək sərf edəcək, işğalda olan torpaqlarımızın azad olunması üçün gənc nəsilin hərbi təlim-tərbiyəsi və orduya qədərki hazırlığı ilə məşqul olacaq, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün yorulmadan çalışacağıq.


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Ordu.az saytının dəstəyi ilə bu tipli tədbirlər planı davam etdiriləcək.

Tədbirin təşkili üçün “Legion” qrupu adından Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, General-leytenant Kərəm Vəliyevə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, Polkovnik Vaqif Dərgahlıya, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərb Tarixi Muzeyinin rəisi, Polkovnik Əzizağa Qənizadəyə və Ordu.az saytının redaktoru Şahin Qocayevə xüsusi təşəkkürümüzü bildiririk.












Hərbi ekspert Abuzər Əbilov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Legion-HVK   Hərb-Tarixi-Muzeyi  


Bizi "telegram"da izləyin