Hər kəsə məlumdur ki, 1994-cü ildən bu günədək Ermənistan ordusu, istər cəbhəboyu zonada, istərsə də təmas xəttində atəşkəsə dair razılaşmaya əməl etməyib. Bunu gündəlik atəşkəsin pozulmasına dair yayılan məlumatlardan da izləyirik. Müdafiə Nazirliyi gündəlik bu barədə hesabat xarakterli məlumat dərc edir. Amma bu barədə qeydlər yalnız rəsmi qurumlarda deyil, Tovuzun düşmənlə sərhəddə yerləşən Əlibəyli kənd sakini 79 yaşlı Paşa Həsənovda da var. O, atəşkəs imzalanan gündən bu günədək, düşmənin hansı mövqedəki postlarından kəndə və ordumuzun üzbəüz mövqelərinə nə qədər güllə, hansı saatda və hansı silahdan atılmasını öz dəftərində qeyd edib.
Paşa kişi atışmanın nə qədər davam etdiyini də izləyərək müvafiq qeydlər aparıb. Onun sözlərinə görə, günün hansı saatında olursa olsun, atışma başlayan kimi dəftər-qələmini də götürüb həyətə çıxır, atışmanı izləyir və qeyd edir.
“Qeyd apararkən, mənim üçün heç bir təhlükə yaranmır. Çünki ordumuzun gücünə bələdəm. Rahat şəkildə həyətdə dayanıb qeydiyyatımı aparıram. Düşmən həmişə iri çaplı silahlardan pulemyot, qumbaraatan və minaatanlardan daha çox istifadə edir. Hədəfdə isə daha çox dinc sakinlər olur”, - deyə Paşa kişi bildirir.
Müsahibim atəşkəsdən bir müddət sonra Əlibəylidə həlak olan ilk dinc sakinlərin də adlarını qeyd edib.
Onun qeydlərinə görə, 2014-cü ilin avqust hadisələrindən sonra, kəndə sonuncu güllə aprel döyüşlərindən sonra atılıb. İki gün şiddətli atışma gedib. Bu məlumatlar da onun dəftərində öz əksini tapır.
Paşa kişi özü də köhnə döyüşçü, kəndin müdafiyəsində dayanan könüllü döyüşçülərdən olub. Döyüş təcrübəsi və silahların taktiki-texniki xüsusiyyətlərinə yaxşı bələd olduğundan mülki şəxsləri də təhlükəsiz ərazilərə yerləşdirərək qoruya bilib.
Paşa kişinin haqqında çox danışmaq olar... Şəhid atası olmaqla yanaşı, bir oğlu da qazidir.
“Ən böyük arzum torpaqlarımızın işğaldan azad edilməsi gününü görməkdir. Bu gün döyüş olsa, nə qədər ki canımda can var, ayaqlarım yer tutur, öndə gedənlərdən biri olacam. Torpaqsız yaşanan ömrün mənası yoxdur” - deyə o qeyd edir.
Cümşüd Məmmədov
Ordu.az