ABŞ Rusiyanı “NotPetya” kiber hücumuna görə ittiham edir

2018/02/1055070496_1518769508.jpg
Oxunub: 2867     16:22     16 Fevral 2018    
Ağ Ev 2017-ci ilin iyununda həyata keçirilən kiber hücumun arxasında Rusiyanın dayandığını iddia edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə dünən Ağ Evin mətbuat xidməti bəyanat yayıb.

“2017-ci ilin iyununda Rusiya ordusu tarixin ən dağıdıcı və baha başa gələn kiber hücumunu həyata keçirib. “NotPetya” adlı hücum sürətlə bütün dünyaya yayıldı və Avropa, Asiya, Amerikada milyardlarla dollar ziyana səbəb oldu”, - deyə bəyanatda qeyd olunub.

ABŞ administrasiyası hücumun Kremlin Ukraynanın stabilliyinə xələl gətirmək və münaqişədə Rusiyanın söz sahibi olduğunu nümayiş etdirmək məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, 2017-ci il iyunun 27-də həyata keçirilən kiber hücumda Ukrayna və Rusiya ərazisində enerji, telekom və maliyyə qurumlarına müdaxilələr edilmiş, məlumatlara çıxış bağlanmış və bunun aradan qaldırılması üçün pul tələb olunmuşdu. Hücum tez bir zamanda bütün dünyaya yayıldı.

Qeyd edək ki, Rusiya bu ittihamları rədd edərək bildirir ki, öz qurumları da hədəf alınıb və ümumilikdə hücum zamanı Rusiyaya 1,2 milyard dollar ziyan dəyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Rusiya   NotPetya  


Bizi "telegram"da izləyin