"Luç"dan yenilik: Kiyevin "Tomaqavk" səviyyəsində yeni qanadlı raketi
Oxunub: 4228
17:21
07 Fevral 2018
Əlbəttə ki, müasir müharibənin aparılması ehtimalı baxımından Ukrayna Silahlı Qüvvələri (USQ) tipik inkişaf etməkdə olan ordudur. Ordunun silahlanmasının əsasını sovetlərdən qalan və Ukraynanın özündə istehsal olunan vasitələr təşkil edir. Hərbi sənaye kompleksinin müəssisələri haqqında da təxminən eyni fikirləri söyləmək olar.
Sovetlərdən qalan miras bir neçə il Ukrayna ordusunu hərbi texnika və döyüş sursatı ilə bağlı təchizatını müəyyən səviyyədə saxlamağa imkan verirdi. Lakin qondarma separatçı qurumlarda münaqişələr hərbi sənaye kompleksinin müəssisələrini daim yeni silah və sursat istehsalı istiqamətində intensiv çalışmağa məcbur etdi.
Qonşu dövlətlər tərəfindən dəstəklənən qondarma qurumlarla münaqişədə ərazi bütövlüyünü bərpa etmək üçün Ukrayna daha güclü və modern Silahlı Qüvvələrə sahib olmaq məcburiyyətindədir.
Son zamanlar hərbi texnikaların tam təlim keçən döyüşçülər tərəfindən istifadə edilməsi Ukrayna ordusunun potensialını artırır. Silahlı Qüvvələrdəki zabit heyətinin təlim səviyyəsi də əvvəlki illərlə müqayisə nəzərə çarpacaq dərəcədə yüksəlib. Hazırda ABŞ-dan olan hərbi mütəxəssislər Ukrayna Silahlı Qüvvələri şəxsi heyətinin peşəkar bacarıqlarının artırılması üçün təlimlərdə yaxından iştirak edirlər.
Hərbi texnikanın təmir və bərpası işlərini canlandırmaq və modernləşdirmə tədbirlərini həyata keçirmək üçün Ukrayna SQ rəhbərliyi yeni təmir zavodlarının, konstruktor bürolarının və mobil təmir qruplarının yaradılmasına qərar verib. Bu işlərdə onlara Qərb mütəxəssisləri yaxından kömək edir. Xaricdən kütləvi silah gətirilməsinin və maliyyə yardımlarının göstərilməsinin də şahidi oluruq.
2018-ci ilin yanvarın 15-də Ukraynanın "Radioniks" şirkəti və "Luç" dövlət konstruktor bürosu modernləşdirilən C-125M "Peçora" zenit-raket sisteminin uğurlu sınaq atışlarını həyata keçiriblər. Sovet istehsalı olan C-125 ZRK silahlanmaya 1961-ci ildə qəbul edilib. C-125M ZRK-nın modernləşdirilməsi 1970-ci ildə həyata keçirilib. Rusiya bu kompleksi 1990-cı illərdə silahlanmadan çıxarıb. Təbii ki, bu, son versiya sistemi deyil. Lakin yerli istehsalın qaydaya salınması istənilən halda uğur hesab olunur.
ZRK fəal radiolokasiya tuşlama başlığına malik olan 5V27D-M2 raketini buraxdı. Məlumatda qeyd olunur ki, ilkin mərhələdə raket aeroballistik trayektoriya ilə hərəkət edir. Belə bir trayektoriya üzrə uçuş məhvetmə zonasısının sərhədlərinin 40 kilometr qədər artmasına səbəb olur. Məhvetmə zonasının yüksəklik maksimumu isə 25 kilometrə çatır.
Bu sınaqların yaratdığı rezonans sakitləşməmiş Ukraynanın yeni sınaqları ətrafdakı qondarma rejimləri bir daha silkələdi. Yanvarın son günündə Ukraynanın ilk dəfə öz yerüstü qanadlı raketinin sınaqlarını həyata keçirməsi barədə ilk məlumatı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov verdi. Katibin sözlərinə görə, raket Ukraynanın dövlət və digər özəl şirkətlərinin iştirakı ilə "Luç" KB tərəfindən hazırlanıb.
Turçinovun məlumatına görə, yalnız yerüstü deyil, həm də dəniz və hava bazalarından buraxılan qanadlı raketlərinin hazırlanması üçün çalışmalar davam edir. Qanadlı raketlər ehtimal olunan düşməni çəkindirmək üçün vacib bir faktordur.
Bu məqalədə Ukraynanın "Tomaqavk" səviyyəsində bir qanadlı raket sınağını keçirdiyini iddia etmək fikrindən uzağam. Amma faktın özü irəliyə doğru atılan mühüm bir addımdır. İkincisi də ki, hec bir silah ilk yaranışından bütün kriteriyalara cavab vermir. Zamanla sınaqlar hər şeyi yoluna qoyur.
Sovet dövründə Ukraynanın ərazisində yerləşən bütün qanadlı və qitələrarası ballistik raketlər 1994-cü ildə imzalanan Budapeşt Memorandumu əsasında Rusiyaya aparılaraq orada məhv edildi. (?) Ukrayna Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə qoşulmağa razı oldu. Müqaviləyə əsasən, memorandumu imzalayan ABŞ, Rusiya və Böyük Britaniya Ukraynanın ərazi bütövlüyü və suverenliyinə zəmanət verdilər. Lakin bu zəmanət Ukraynanın ərazilərinin itirilməsini önləyə bilmədi. Hər bir dövlətin təhlükəsizlik zəmanəti ancaq və ancaq həmin ölkənin Silahlı Qüvvələri ola bilər.