Ordu.az təmas xəttinin Tərtər istiqamətində son günlərdə atəşkəsin pozulması nəticəsində mülki sakinlərin narahatlıqlarına aydılıq gətirməyə çalışıb.
Müşfiq Axundov Tərtər rayonunun Qazyan kəndində yaşayır. Qarabağ müharibəsi başlayandan sonra demək olar ki, M.Axundov da digər həmkəndliləri kimi mütəmadi olaraq işğalçı ordunun təxribatlarından əziyyət çəkir. Onun sözlərinə görə, bu gün axşam düşmən Qırmızı Kənd istiqamətindən ağır silahlardan atəş açıb.
“Demək olar ki, hər gün atəşkəs pozulur. Sonuncu dəfə bu axşam atışma oldu. Düzü biz tərəfdə avtomat və pulemyotlardan atdılar, amma ermənilər Qırmızı Kənd tərəfdəki mövqelərindən daha ağır silahlarla atəş açırdılar… Təbii ki, ordumuz layiqli cavab verir”, - deyə kənd sakini bildirib.
Yaşlı sakinlər atəş səslərinin eşidilməsinə, yaşayış evlərinin yaxınlığında mərmilərin partlaması halına örgəşdiklərini desələr də, bu halı azyaşlılara şamil etmək mümkün deyil. Belə ki, düşmənin təmas xətti boyunca yerləşən kəndlərdəki əhaliyə qarşı hər növ iyrəncliklərə əl atmasının növbəti bir nəticəsi, özünü biruzə verir. Kənd sakini Müşviq Axundov atəşkəsin azyaşlı uşaqlara psixoloji təsir göstərdiyini deyib:
“Özümüz müharibə görmüşük. Qulağımız öyrənib. Çox şükür düşmənin də kim olduğunu, hazırda nəyə qadir olduğunu bilirik. O görə artıq belə hallar yaşlı nəsli – müharibə görmüş insanları təşvişə salmır. Ancaq azyaşlı uşaqlara ciddi təsir göstərir. Bizim evdəki uşaqlarda gecə yatanda diksinmələr, sayıqlamalar və s. psixoloji problemlər əmələ gəlib. Ümumilikdə bu problem təkcə mənim ailəmdə deyil. Bütün kəndlərdə yaşanan vəziyyətdir”.
Digər vacib bir məqam isə, hazırda cəbhənin Tərtər rayonu istiqamətində kəndlilərə məxsus əkin sahələrində zərərvericilərin sürətli şəkildə artmasıdır. Sakinlər bu maraqlı hadisənin son bir ildir ki, şahidi olduqlarını bildiriblər. Həmçinin həmin zərərverici canlıların buğda bitkisindən başqa heç bir bitkiyə zərər vermədiyi öyrənirik.
“Arpadan, buğdadan başqa heç nəyə toxunmurlar. Çox maraqlı işdir ki, bu kəsəyənlər bu işi yemlənmək üçün etmirlər. Onların qeyri-adi xüsusiyyətlərindən biri sürtəli hərəkət etmələri, digəri isə daha çox artmalarıdır. İki gəmirici, iki ay ərzində bütün sahəyə yayılacaq qədər çox artırlar. Biz hesab edirik ki, bu düşmənin xüsusi labaratoriyalarında hazırlanmış kəsəyənləridir”, - deyə kənd sakini əlavə edib.
Sərsəng su anbarının Ermənistanın işğalı altında olması azərbaycanlı dinc əhalini suvarma suyuna möhtac qoyub. Hazırda qeyd olunan səbəbdən törəyən problemlər bu bölgədə əkinçiliyin inkişafına ciddi təsir göstərir. Təbii ki, bu düşmənin xalqımıza qarşı törətdiyi növbəti ekoloji terrorudur. Ancaq həmsöhbətimiz Müşfiq Axundovun bildirdiyi kəsəyən məsələsi isə demək olar ki, düşmənin dinc əhaliyə qarşı açdığı yeni cəbhədir. Yəni bioloji silahların tətbiq olunduğu cəbhə…
Elgün Gəncimsoy, Tərtər
Ordu.az