Məmurun bu cür ittihamla işdən azad edilməsi ciddi haldır. Digər tərəfdən adi idarədən yox, səhlənkarlığın əsgər ölümünə səbəb ola biləcəyi Ermənistan müdafiə nazirliyindən söhbət gedir.
Xəbər verdiyimiz kimi, onun vəzifədən azad ediləcəyi barədə çoxdan danışılsa da hazırda bu qərarın verilməsinə səbəb, hərbi hissələrdən birində 3 erməni əsgərinin ölümü ilə nəticələnən mina partlayışı hadisəsi olub.
Haykaz Bağmanyanın adı ayrı-ayrı illərdə bir sıra qalmaqallı hadisələrlə bağlıdır. Belə ki, 2007-ci ildə onun cangüdənləri sərhədyanı Vahan kəndinin bir qrup gənclərini maşınla vuraraq, daha sonra döymüşdülər. Bu barədə kənd sakinləri baş nazirə məktub göndərərək şikayət etmişdilər.
2006-cı ildə daha qəddar hadisə baş vermişdi. Bu dəfə onun rəhbərlik etdiyi hərbi hissədə Tiqran Ohancanyan adlı erməni əsgərinin ölüm hadisəsinin səbəbləri gizlədilib. Rəsmi ittihamda ölən əsgərin cərəyan vurması nəticəsində öldüyü bildirilsə də, valideynləri onun öldürüldüyünü iddia edir. Valideynləri əsgərin Bağmanyanın cangüdənləri tərəfindən öldürülüdüyünə dair sübutlarının olduğunu qeyd ediblər. Erməni əsgərin atası iddia edir ki, ölüm hadisəsindən sonra ekspertizaya təqdim edilən paltarlar ona məxsus olmayıb, morqda çəkilmiş şəkillərdə ölən əsgərin çoxsaylı işgəncə izləri açıq-aşkar görünür. O, həmçinin cinayət materiallarından 43 səhifə sənədin yoxa çıxdığını qeyd edir.
Haykaz Bağmanyan həmdə böyük biznes sahibi olub. Bəzi hallarda biznes şəriklərinin əmlakını zorla ələ keçirdiyi hallar da qeydə alınıb. Bütün bunlara baxmayaraq Bağmanyan vəzifəsində qalmaqda davam edirdi. İndi isə vəzifə səhlənkarlığı aşkar edilir və təxris olunur.
Bağmanyan Serj Sarkisyana yaxın dairələrdən olub, buna görə də o, cəzasız qalırdı. Görünür, hazırda dəyişən bir çox şey var. Bildiyimiz kimi, Emənistanda insan öldürmək və ya nöqsana görə adamı işdən çıxartmırlar.
Digər tərəfdən, son on ildə ordudan aprel müharibəsində böyük itkilərə məruz qalmaqla biabırçı fəaliyyətləri ortaya çıxan, rüşvətxor yüksək vəzifəli generallar uzaqlaşdırılır. Ancaq heç kim heç bir cəza almayıb. Ən uzağı bir neçə nəfər vəzifəsindən azad edilib.
Alpər Mövludoğlu
Ordu.az