Fransa A400M təyyarələrinə PUA idarəetməsi və taktiki komanda imkanları qazandıracaq

2026/06/1781865359.jpg
Oxunub: 206     14:31     19 İyun 2026    
“Airbus Defence and Space” şirkəti Fransanın A400M hərbi nəqliyyat təyyarələrinə kəşfiyyat, müşahidə, rekognoska və taktiki komanda-idarəetmə imkanları qazandıracaq yeni modernizasiya proqramı üzrə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, Fransa Müdafiə Satınalmaları Agentliyi (DGA) adından çıxış edən Birgə Silahlanma Əməkdaşlığı Təşkilatı (OCCAR) ilə imzalanmış müqavilə çərçivəsində A400M platformasına “Parallel Mission System” (PMS) adlı yeni tapşırıq sistemi inteqrasiya ediləcək.

Proqram çərçivəsində A400M təyyarələrinə yeni nəsil tapşırıq sistemi və yük bölməsinə yerləşdiriləcək taktiki situasiya məlumatlandırma konsolları quraşdırılacaq. Bunun sayəsində ekipaj müxtəlif sensorlardan gələn məlumatları real vaxt rejimində izləyərək əməliyyat qüvvələrinin fəaliyyətini koordinasiya edə biləcək.

“Airbus Defence and Space” şirkətinin Hava Gücü bölməsinin rəhbəri Jan-Bris Dümon bildirib ki, A400M onu istifadə edən silahlı qüvvələr üçün əsl çoxməqsədli platformadır və gələcəkdə də imkanlarının genişləndirilməsi potensialına malikdir.

Onun sözlərinə görə, yeni sistem Fransa Hərbi Hava və Kosmik Qüvvələrinə havada fəaliyyət göstərə bilən taktiki komanda və idarəetmə platforması qazandıracaq.

PMS sistemi çərçivəsində təyyarəyə elektro-optik sensorlar, yeni rabitə sistemləri və əlavə sensorlar inteqrasiya ediləcək. Şirkətin məlumatına görə, sistem gələcəkdə yük bölməsindən buraxıla biləcək Pilotsuz Uçuş Aparatı (PUA) və raketlərin idarə edilməsinə də imkan verəcək.

Beləliklə, A400M quru qoşunları, döyüş təyyarələri, helikopterlər, insansız sistemlər və digər hava vasitələrinin vahid əməliyyat konsepsiyası çərçivəsində koordinasiyasını təmin edən platformaya çevriləcək.

Şirkət xüsusilə “Tiger” hücum helikopterləri və H225M “Caracal” çoxməqsədli helikopterləri ilə koordinasiyalı əməliyyatların həyata keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

İnkişaf işlərinin tamamlanmasından sonra ilk Fransa A400M təyyarəsinə PMS sisteminin 2027-ci ildə inteqrasiya olunması nəzərdə tutulur. Uçuş sınaqlarının isə 2028-ci ildə başlaması planlaşdırılır.

Sınaq mərhələsindən sonra Fransa Hərbi Hava və Kosmik Qüvvələrinin inventarındakı müəyyən sayda A400M təyyarəsi yeni tapşırıq sisteminə uyğun şəkildə modernizasiya ediləcək. Lakin modernizasiyadan keçəcək təyyarələrin sayı hələ açıqlanmayıb.

“Airbus” şirkəti A400M platforması üçün digər imkanlar üzərində də işləyir. Bunlara uzaqmənzilli radioelektron maneə sistemləri, havada PUA və raket daşıyan “ana platforma” konsepsiyası, faydalı yük qabiliyyətinin 40 tona çatdırılması və yanğınsöndürmə missiyaları üçün yeni həllər daxildir.

Şirkət hesab edir ki, bu inkişaflar A400M-in yalnız nəqliyyat təyyarəsi olmaqdan çıxaraq gələcəyin çoxməqsədli hava platformalarından birinə çevrilməsini təmin edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   A400M   PUA  


Bizi "telegram"da izləyin