Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənisran müdafiə nazirinin müavini Artak Zakaryan parlament iclası zamanı bəyan edib.
Qeyd edək ki, dekabrın 5-də Ermənistan parlamentində ikinci oxunuşda “Qəbul edilən qaydaların pozulması ilə məcburi hərbi xidmət keçməyən vətəndaşlar haqqında” Ermənistan Respublikası Qanunun qəbul edilməsi məsələsi müzakirə olunub.
A. Zakaryan bildirib ki, bu, sonuncu imkandır və ordudan yayınan və artıq 27 yaşı tamam olan bütün hərbi mükəlləfiyyətlilər müvafiq ödənişləri edə və cinayət məsuliyyətindən yayına bilərlər.
Öz növbəsində “Yelk” (“Çıxış”) müxalifət partiyasının deputatı Edmon Marukyan Ermənistan Müdafiə Nazirliyinə təkliflə çıxış edib.
“Qanunun artıq bu formada mövcud ola bilməməsi faktdır. Hazırda kişi cinsinin 11 min üzvünün axtarışda olması da faktdır. Ermənistan müdafiə naziri Vigen Sarkisyan bu tribunadan çıxış edərək pul qarşılığında ordudan azad edilməyin əxlaqsız əməl olmasından və bu sistemin məhv edilməsinin zəruriliyindən bəhs edib. Bu səbəbdən indi Müdafiə Nazirliyinin ödənişin artırılmasının zəruriliyi barədə danışması mənim üçün anlaşılmaz olaraq qalır. Yox, əgər siz ordudan pul qarşılığında azad edilməyə qarşısınızsa, niyə ödənişin zəruriliyi barədə məsələni gündəmə gətirirsiniz?”, - deyə Marukyan qeyd edib.
Müxalifət deputatının sözlərinə görə, orduda xidmət keçmədən yayınan və hazırda ölkə hüdudları kənarında yaşayan şəxslər bunu yaxşı həyata görə etmirlər və nəzərdə tutulan məbləği ödəyə bilməyəcəklər.
“Əgər, onlar indi bu məbləği ödəsələr cinayət axtarışı sona çatacaq, bu şəxslər isə ehtiyata daxil ediləcəklər. Hərçənd mənim bir xahişim var. Yaxşı olardı ki, bu 11 min Ermənistan vətəndaşına dövlət yanaşması tətbiq ediləydi, məsələn, dövlət “sizi bağışlayırıq, bizə pul lazım deyil, öz ölkənizə qayıdın, biz cinayət axtarışını sonlandırırıq, işi bağlayırıq” deyəydi. Qoy bu 11 min Ermənistan vətəndaşı ölkəsinə qayıtsın, qanunun qüvvəsinə xitam verək və bundan sonra onun etibarlılıq müddətini uzatmayaq. Dövlət puldan daha çox insan resurslarına ehtiyac duyur. Cənab nazir müavini, xahiş edirəm mənim təklifimi müzakirə predmetinə çevirin”, - deyə o, Ermənistan müdafiə nazirinin müavini Artak Zakrayana xitab edərək bildirib.
Xatırladaq ki, noyabrın 17-də Ermənistan parlamenti ilk oxunuşda hərbi xidmət keçməyən və 27 yaşa çatmayan hərbi mükəlləffiyətli şəxslərə cinayət məsuliyyətindən yayınmaq imkanı verən qanun qəbul edilib. Qanunu 85 deputat dəstəkləyib. Səsvermədən öncə “Yelk” müxalifət partiyasının üzvü Gevork Qorqisyan qeyd edib ki, onlar qanun layihəsini düzəlişlərlə dəstəkləyəcəklər.
Ağalar Qəribov
Ordu.az