Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2017-ci il dekabrın 1-də erməni parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasında parlamentin növbəti iclaslarında müzakirəyə çıxarılacaq bir sıra qanun layihələrinə müsbət rəy verilib.
Komissiyanın iclasında "Müəyyən edilmiş qaydaları pozaraq müddətli hərbi xidmət keçməyən vətəndaşlar haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirə edilib.
Müzakirələr zamanı qey edilib ki, "Hərbi xidmət haqqında" qanunu pozaraq müddətli hərbi xidmət keçməyən, 27 yaşı tamam olmuş Ermənistan vətəndaşları axtarışdan yayınmaq üçün geri Ermənistana qayıtmırlar. Bildirilib ki, yeni qanun qəbul edildiyi təqdirdə müddətli hərbi xidmətdən yayınan vətəndaş hər bir çağırış üçün minimum aylıq əmək haqqının 200 misli cərimə ödəyəcək. Bu qanun qəbul olunduğu halda 31 dekabr 2019-cü ilədək qüvvədə olacaq.
Söhbət 18-27 çağırış yaşı dövründə Ermənistanda olmayan və barələrində cinayət axtarışı elan edilmiş gənclərdən gedir. Bu qanunla orduya getməkdən fərarilik etmiş erməni gənclərə 18 çağırış üçün 3,6 milyon erməni dramı ödəməklə cinayət axtarışı məsuliyyətindən azad edilmək fürsəti verilir. Ancaq qanunun səlahiyyət müddəti 2020-ci ildə başa çatır.
Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan qeyd edib ki, bu qanun müdafiə nazirliyi tərəfindən hərbi xidmətə qanuni maneə kimi qiymətləndirilir, müdafiə nazirliyi bu qanunun tənqidçisi olaraq qalır. O, həmçinin əlavə edib ki, bu qanunun müddəti bir daha uzadılmayacaq.
Alpər Mövludoğlu
Ordu.az