ASELSAN ilk yerli superkeçirici kvant prosessor vahidini hazırlayacaq

2026/06/1782386326.jpg
Oxunub: 184     15:14     25 İyun 2026    
Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə ASELSAN arasında imzalanan layihə çərçivəsində kvant kompüterlərinin ən vacib komponentlərindən biri olan Superkeçirici Kvant Prosessor Vahidi yerli imkanlarla istehsal ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə ASELSAN məlumat yayıb.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin Kvant Proqramının təqdimat mərasimində ASELSAN ilə Komitə arasında Superkeçirici Kvant Prosessor Vahidinin Hazırlanması Layihəsinə dair müqavilə imzalanıb.

ASELSAN-ın baş podratçı qismində həyata keçirəcəyi və 4 il davam edəcək layihə çərçivəsində kvant kompüterlərinin ən kritik komponentlərindən biri olan Superkeçirici Kvant Prosessor Vahidinin yerli və milli şəkildə hazırlanması hədəflənir.

Kvant kompüterlərinin təqdim edəcəyi yüksək hesablama gücünün müdafiə sənayesi, kibertəhlükəsizlik, kriptoqrafiya, əczaçılıq, kimya, maliyyə və materialşünaslıq kimi bir çox sahədə inqilabi dəyişikliklərə səbəb olacağı gözlənilir. Dünyada texnologiya şirkətləri, tədqiqat mərkəzləri və dövlət dəstəkli proqramların diqqət mərkəzində olan kvant texnologiyaları gələcəyin ən mühüm strateji rəqabət sahələrindən biri hesab edilir.

Layihə çərçivəsində həyata keçiriləcək işlərlə Türkiyənin kvant avadanlıqları sahəsində texnoloji müstəqilliyinin təmin olunması və kritik kvant komponentlərində xarici asılılığın azaldılması nəzərdə tutulur.

Bununla yanaşı, qatı maddələr fizikası, mikrodalğa mühəndisliyi, elektronika və kvant informasiya nəzəriyyəsi kimi sahələrdə bacarıqların artırılması, elmi-tədqiqat işləri üçün infrastrukturun yaradılması planlaşdırılır. Müdafiə, rabitə və informasiya təhlükəsizliyi sahələrində kvant texnologiyaları infrastrukturunun formalaşdırılması və bu strateji istiqamət üçün zəruri insan resurslarının hazırlanması da layihənin əsas məqsədləri sırasındadır.

Layihə çərçivəsində “Sabancı Üniversitesi”, “Koç Üniversitesi” və TÜBİTAK Milli Metroloji İnstitutu ilə birgə fəaliyyət həyata keçiriləcək.

Uzun müddətdir davam edən layihə prosesində QPU dizaynları üzərində iş aparılır. Prosessor vahidlərinin seriyalı istehsalı üçün ASELSAN daxilində zəruri infrastruktur yatırımları da tamamlanmaq üzrədir.

ASELSAN-ın baş direktoru Ahmet Akyol bildirib ki, şirkət 2021-ci ildən etibarən gələcəyin dünyasını formalaşdıracaq kvant texnologiyaları sahəsində fəaliyyət göstərir.

“ASELSAN-ın baş podratçı olduğu Superkeçirici Kvant Prosessor Vahidinin Hazırlanması Layihəsi üzrə ilk imzalar atılıb. Layihə çərçivəsində hazırlayacağımız superkeçirici prosessor vahidlərini investisiyalarını sürətlə davam etdirdiyimiz Türkiyənin ilk superkeçirici istehsal müəssisəsində istehsal edəcəyik. Eyni zamanda ASELSAN-da kvant çip istehsal müəssisəsinin yaradılması istiqamətində yatırımlarımız davam edir. Bu layihə ilə kvant kompüterlərinin ürəyi hesab edilən kvant prosessor vahidini yerli və milli şəkildə hazırlayıb istehsal edəcək, gələcəyin texnologiyalarında xarici asılılığımızı azaldacaq və ölkəmizə qabaqcıl elmi-tədqiqat infrastrukturu qazandıracağıq”, - deyə Ahmet Akyol vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin