Sabiq erməni məmur: “Bu saziş daha çox Azərbaycanın regional rəqəmsal haba çevrilmək strategiyasının tərkib hissəsi kimi göstərilir”

2026/06/1782196566.jpg
Oxunub: 288     10:34     23 İyun 2026    
“Ermənistanın “Telecom Armenia” və Azərbaycanın AZERTELECOM şirkətləri arasında imzalanmış internet tranziti sazişi regional rəqəmsal infrastrukturun inkişafı, rabitə marşrutlarının diversifikasiyası və qarşılıqlı tranzit imkanları ilə yanaşı, milli təhlükəsizlik, nəzarət və ictimai etimad məsələlərini də gündəmə gətirir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sabiq sədri David Ananyan bildirib.

Ananyanın sözlərinə görə, açıq mənbələrdə yayılan məlumatlara əsasən, tərəflər Ermənistan və Azərbaycan ərazilərindən internet trafikinin tranzitini və kommersiya əsaslı ötürülməsini nəzərdə tutan ikitərəfli saziş imzalayıblar.

“Ermənistan tərəfi vurğulayır ki, “Telecom Armenia” öz infrastrukturu vasitəsilə Azərbaycana tranzit xidmətləri göstərəcək. Azərbaycan tərəfi isə eyni sazişi Ermənistanın beynəlxalq internet bağlantısı üçün Azərbaycan ərazisindən keçən yeni marşrutun yaradılması kimi təqdim edir. Fakt eyni olsa da, onun ictimaiyyətə təqdim edilməsində vurğular fərqlidir”, - deyə ekspert qeyd edib.

Ananyan hesab edir ki, Ermənistan tərəfinin kommunikasiya siyasətində bu saziş qarşılıqlı tranzit və ölkənin tranzit potensialının genişləndirilməsi imkanı kimi təqdim olunur.

“Azərbaycan tərəfinin təqdimatında isə bu saziş daha çox Azərbaycanın regional rəqəmsal haba çevrilmək strategiyasının tərkib hissəsi kimi göstərilir. Bu, xırda detal deyil. Regionda infrastruktur artıq çoxdan yalnız iqtisadi məsələ deyil, həm də təsir, asılılıq, nəzarət və siyasi mövqelənmə vasitəsinə çevrilib”, - deyə o bildirib.

Sabiq erməni rəsminin fikrincə, proses düzgün idarə olunarsa, Ermənistan üç əsas istiqamətdə fayda əldə edə bilər.

“Birincisi, xarici internet bağlantılarının əlavə diversifikasiyası təmin olunar. İkincisi, Ermənistanın tranzit rəqəmsal xidmətlər təqdim edən ölkə kimi rolu güclənər. Üçüncüsü isə ehtiyat rabitə marşrutu formalaşdırılaraq məhdud istiqamətlərdən asılılıq azaldılar. Bu baxımdan sövdələşməni yalnız qarşı tərəfin Azərbaycan şirkəti olması səbəbindən mənfi qiymətləndirmək düzgün deyil”, - deyə Ananyan vurğulayıb.

O qeyd edib ki, saziş Azərbaycanın da maraqlarına xidmət edir.

“Azərbaycan bu razılaşma vasitəsilə əlavə tranzit çevikliyi əldə edə, Naxçıvan və digər istiqamətlərlə rabitə imkanlarını gücləndirə, həmçinin özünün “rəqəmsal dəhliz” və “regional hab” strategiyasını daha möhkəm əsaslarla təqdim edə bilər. Bu, birtərəfli fayda hekayəsi deyil. Bu, bir tərəfdən qarşılıqlı fayda, digər tərəfdən isə qarşılıqlı asılılıq prosesidir”, - deyə Ananyan bildirib.

Ananyan təhlükəsizlik aspektinə də toxunub və vurğulayıb ki, internet trafikinin tranziti məlumatların məzmununa birbaşa çıxış imkanı demək deyil.

“Müasir şifrələmə texnologiyaları şəraitində internet məzmununun böyük hissəsi qorunur. Lakin bu, bütün risklərin aradan qalxdığı anlamına gəlmir. Tranzit operator müəyyən texniki səviyyəli məlumatları, yəni marşrutları, IP ünvanlarını, əlaqə həcmlərini, zaman göstəricilərini və bəzi hallarda metadataları görə və ya onlara təsir göstərə bilər”, - deyə o qeyd edib.

Ananyan hesab edir ki, burada emosional reaksiyalara deyil, aydın təhlükəsizlik arxitekturasına ehtiyac var.

“Hazırda açıq informasiya məkanında bir sıra vacib suallar cavabsız qalır. Sərhəd birləşmə nöqtələri harada yerləşəcək? Söhbət hansı ötürmə qabiliyyətindən gedir? Ermənistanın son istifadəçilərinin trafiki nə vaxtsa Azərbaycan ərazisindən yönləndirilə bilərmi? Sövdələşmənin təhlükəsizlik aspektlərini hansı dövlət qurumları qiymətləndirib? Hansı nəzarət və müdafiə mexanizmləri nəzərdə tutulub? Bunlar artıq şübhəkarlıq deyil, məsuliyyətli dövlət idarəçiliyi məsələləridir”, - deyə Ananyan bildirib.

Sabiq erməni komitə sədri ümumi qiymətləndirməsində qeyd edib ki, əgər rabitə marşrutlarının diversifikasiyasına, ölkənin tranzit imkanlarının artırılmasına xidmət etsə və Azərbaycandan birtərəfli asılılıq yaratmasa, saziş Ermənistan üçün faydalı ola bilər.

“Lakin eyni saziş kifayət qədər şəffaflıq, ictimai hesabatlılıq və izahat olmadan, həmçinin milli təhlükəsizlik üçün ölçülə bilən təminatlar verilmədən həyata keçirilərsə, risk mənbəyinə çevrilə bilər. Burada ən sağlam yanaşma nə bu razılaşmanı birmənalı şəkildə rədd etmək, nə də onu qeyd-şərtsiz alqışlamaqdır. Ən düzgün yol aydın izahatlar, nəzarət mexanizmləri, texniki təhlükəsizlik və dövlət məsuliyyəti tələb etməkdir. Çünki telekommunikasiya tranziti sadəcə biznes deyil. Bu, kritik infrastruktur məsələsidir. Ermənistan və Azərbaycan münasibətləri kontekstində isə həm də milli təhlükəsizlik məsələsidir”, - deyə Ananyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ananyan  


Bizi "telegram"da izləyin