“Hraparak”: İrəvanın merinin bəxti gətirdi, hakim partiyada onun dəyişdiriləcəyinə əmin idilər

2026/06/1782190956.jpg
Oxunub: 314     09:00     23 İyun 2026    
“İyunun 7-də keçirilmiş seçkilərdə hakim “Vətəndaş Müqaviləsi” partiyasının konstitusion çoxluq əldə etməməsi yalnız müxalifət düşərgəsində deyil, hakimiyyət daxilində də müəyyən dairələr tərəfindən müsbət qarşılanıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, bu nəticələrdən ən çox faydalanan şəxslərdən biri İrəvan meri Tiqran Avinyan olub.

“Hakimiyyət daxilində seçkilərdən sonra Avinyanın vəzifəsindən uzaqlaşdırılacağına dair ciddi əminlik mövcud olub. Mənbələrimizin sözlərinə görə, əgər hakim partiya konstitusion çoxluq əldə etsəydi, bir sıra icmalarda, o cümlədən İrəvanda yeni seçkilər keçiriləcəkdi. Bu halda Tiqran Avinyanın da dəyişdirilməsi ehtimalı yüksək idi”, - deyə məqalədə qeyd olunub.

Nəşr vurğulayır ki, seçkilərin nəticələri hakimiyyət daxilində əvvəlcədən hazırlanmış bir sıra planların yenidən nəzərdən keçirilməsinə səbəb olub.

“Bu nəticələr hakimiyyət nümayəndələrini şoka salıb və artıq aydındır ki, əvvəlki planlar dəyişəcək. Çünki legitimliyi zəifləyən və daha kövrək vəziyyətə düşən hakimiyyət üçün bu cür riskli addımlar atmaq əvvəlki qədər asan deyil”, - deyə nəşr yazıb.

Məqalədə qeyd olunur ki, belə qərarlar hakimiyyət daxilində əlavə gərginlik yarada və daxili sabitliyi poza bilər.

“Mövcud siyasi şərait hakimiyyətin daha ehtiyatlı davranmasını zəruri edir və bu səbəbdən əvvəllər nəzərdə tutulan bəzi kadr dəyişiklikləri gündəmdən çıxarıla bilər”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avinyan   Ermənistan  


Bizi "telegram"da izləyin