ABŞ HHQ FQ-44 “Fury” pilotsuz döyüş təyyarəsini seriyalı istehsala keçirir

2026/06/1782190377.jpg
Oxunub: 248     08:52     23 İyun 2026    
ABŞ Hərbi Hava Qüvvələri “Collaborative Combat Aircraft” proqramı çərçivəsində “Anduril” şirkəti tərəfindən hazırlanmış FQ-44 “Fury” yarıavtonom döyüş təyyarəsinin seriyalı istehsal mərhələsinə keçdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, imzalanmış müqaviləyə əsasən, “Anduril” sınaq, təsdiqləmə və əməliyyat hazırlığı fəaliyyətlərini dəstəkləmək məqsədilə ilk istehsal partiyasına aid FQ-44 təyyarələrini təhvil verəcək.

Müqavilə ABŞ Hərbi Hava Qüvvələrinə gələcək illərdə əlavə istehsal partiyaları sifariş etmək imkanı da yaradır. Şirkətin məlumatına görə, FQ-44 seriyalı istehsala keçən ilk yarıavtonom döyüş təyyarəsi olub.

Proqram 2024-cü ilin aprel ayında prototip hazırlanması müqaviləsinin imzalanması ilə başlayıb. Təyyarə 2025-ci ilin aprelində yer sınaqlarına, həmin ilin oktyabrında isə ilk uçuşuna başlayıb.

2026-cı ilin iyun ayında istehsal müqaviləsi alan platforma təxminən iki il ərzində konsepsiya mərhələsindən seriyalı istehsala çataraq son 50 ilin ən sürətli döyüş təyyarəsi proqramlarından birinə çevrilib.

FQ-44 “Fury” gələcəkdə F-35 “Lightning II” və F-47 kimi pilotlu döyüş təyyarələri ilə birlikdə fəaliyyət göstərəcək.

Şirkətin məlumatına görə, mövcud konfiqurasiyada olan FQ-44 qlobal uçuş mənzilinə malikdir. Təyyarə qısa uçuş-eniş zolaqlarından istifadə edə, pilotlu döyüş təyyarələri ilə eyni sürətlərdə fəaliyyət göstərə və bir çox mövcud döyüş təyyarəsindən daha böyük əməliyyat radiusu təmin edə bilir.

Anduril bildirib ki, platforma əməliyyat baxımından əhəmiyyətli təsir yarada biləcək faydalı yük daşımaq qabiliyyətinə malikdir. FQ-44 indiyədək onlarla uçuş həyata keçirib. Platforma müxtəlif tapşırıq profillərində və müxtəlif hava bazalarından istifadə etməklə sınaqdan keçirilib.

Təyyarədə iki müxtəlif avtonom idarəetmə proqramı sınaqdan keçirilib və uçuş zamanı onlar arasında keçid etmək mümkün olub. Bundan əlavə, inert “hava-hava” sursatlarının inteqrasiyası və uçuş sınaqları da həyata keçirilib.

“Anduril” Arizonadakı Arsenal-1 müəssisəsində istehsal fəaliyyətlərinə başladığını açıqlayıb. Mövcud istehsal xətti ildə 150 ədəd FQ-44 “Fury” istehsal etmək imkanına malikdir.

Şirkət bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrinin qərarı 1970-ci illərdən etibarən ilk dəfə yeni bir şirkətin döyüş təyyarəsi proqramında qalib gəlməsi baxımından da mühüm hadisə hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   FQ-44-Fury  


Bizi "telegram"da izləyin