ABŞ donanmasının döyüş hazırlığının təmin olunması üçün HII ilə 418 milyon dollarlıq müqavilə imzalanıb

2026/06/1782189977.jpg
Oxunub: 208     08:43     23 İyun 2026    
ABŞ-nin müdafiə şirkəti HII ABŞ donanmasına məxsus aviadaşıyıcılar və amfibiya hücum gəmilərində quraşdırılmış gəmidaxili lift sistemlərinin texniki xidməti və təmiri üçün 418 milyon dollar dəyərində müqavilə qazanıb.

Ordu.az xəbər verir ki, ABŞ Dəniz Sistemləri Komandanlığı (NAVSEA) tərəfindən verilən beşillik müqavilə çərçivəsində HII şirkətinin Mission Technologies bölməsi gəmilərdə yerləşdirilən liftlər, yükdaşıma sistemləri və əlaqəli avadanlıqlar üçün mühəndislik, texniki xidmət və texniki dəstək göstərəcək.

Müqavilənin əsas məqsədi ABŞ donanmasının dünyanın müxtəlif bölgələrində xidmət aparan aviadaşıyıcıları və amfibiya hücum gəmilərindəki kritik sistemlərin əməliyyat hazırlığını qorumaqdır.

Şirkət bildirib ki, gəmidaxili lift və yükdaşıma sistemləri sursatların, ehtiyat hissələrinin və digər avadanlıqların gəmi daxilində sürətli daşınmasında mühüm rol oynayır.

HII həmçinin hərbi dənizçilər üçün təlim proqramları təşkil edəcək və zərurət yarandıqda dünyanın müxtəlif bölgələrinə çevik müdaxilə qrupları göndərəcək.

Bu qruplar gəmilərdə baş verən mürəkkəb nasazlıqların aradan qaldırılması və texniki xidmət işlərinin həyata keçirilməsinə cavabdeh olacaq.

“HII Mission Technologies” şirkətinin Qlobal Təhlükəsizlik Qrupunun rəhbəri Maykl Lempke bildirib ki, gəmidaxili liftlər də daxil olmaqla kritik əməliyyat sistemlərinin etibarlı fəaliyyəti dənizçilərin və dəniz piyadalarının vəzifələrini yerinə yetirməsi baxımından böyük əhəmiyyət daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Donanma   HII  


Bizi "telegram"da izləyin