Ermənistan KİV-i: Hakimiyyət Köçəryan işi ilə özünü ifşa edir

2026/06/1782190867.jpg
Oxunub: 315     08:52     23 İyun 2026    
“Son dövrlərdə ictimaiyyətin diqqət mərkəzində olan hadisələrdən biri Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun lideri Robert Köçəryana qarşı yeni cinayət işinin başlanması ilə bağlı Paşinyan hakimiyyətinə bağlı hüquq-mühafizə orqanlarının təşəbbüsü olub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazıb.

Nəşr hesab edir ki, son səkkiz ildə müxalifət nümayəndələrinə qarşı açılmış çoxsaylı işlər kimi, bu prosesin də arxasında əsasən siyasi motivlər dayanır.

Nəşrin məlumatına görə, yeni cinayət işinin əsasını hökumətin 22 il əvvəl qəbul etdiyi qərar təşkil edir.

“Məlum olur ki, həmin dövrdə prezident olmuş Robert Köçəryana aid edilən əsas “cinayət əməli” hökumətin qəbul etdiyi qərarı təsdiqləməsi olub. Başqa sözlə, ittihamın mahiyyəti yalnız bununla məhdudlaşır”, - deyə məqalədə qeyd olunub.

Nəşr vurğulayır ki, burada əsas problem hakimiyyətin nəyinsə hesabına yeni ittiham formalaşdırmaq cəhdinin onu özü üçün çətin vəziyyətə salmasıdır.

“Əvvəla, həmin iş üzrə bütün iddia müddətləri çoxdan başa çatıb. İkincisi, o dövrdə qüvvədə olan Konstitusiyaya və qanunvericiliyə əsasən, prezident hökumətin qəbul etdiyi qərarları birbaşa təsdiqləməyə borclu idi. Bu, onun konstitusion vəzifələrindən biri hesab olunurdu”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, o dövrün qanunlarına görə prezidentin hökumət qərarlarına veto qoymaq səlahiyyəti olmayıb.

“Hökumət qərar qəbul edib, prezident isə onu təsdiqləyib. Mövcud qanunvericilik çərçivəsində başqa davranış variantı mövcud deyildi. Buna görə də prezident Konstitusiya ilə ona həvalə olunmuş vəzifəni yerinə yetirdiyinə görə məsuliyyətə cəlb edilə bilməz”, - deyə nəşr vurğulayıb.

Müəllifin sözlərinə görə, hakimiyyət növbəti dəfə hüquqi baxımdan zəif əsaslara söykənən bir iş başlatmağa çalışır.

“Bu elə bir işdir ki, nəinki hüquq fakültəsinin birinci kurs tələbəsi, hətta məntiqi düşünən istənilən şəxs bir neçə dəqiqə ərzində onun əsassızlığını ortaya qoya bilər. Bütün bu şounun hansı məqsədlə təşkil edilməsi isə artıq ayrıca müzakirə mövzusudur”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin