KİV: “Güclü Ermənistan” partiyasının üzvü parlament sədrinin müavini olacaq? Müxalifətin müzakirələri davam edir

2026/06/1782188039.jpg
Oxunub: 377     08:06     23 İyun 2026    
“İyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri müxalif qüvvələr və seçkilərə müxalif gündəmlə qatılmış ümumilikdə yeddi siyasi təşkilat tərəfindən məhkəmədə mübahisələndirilsə də, siyasi dairələrdə əsas sual hələ də açıq qalır: müxalifət sonda parlament mandatlarını qəbul edəcəkmi, yeni parlamentin formalaşmasında iştirak edəcəkmi, yoxsa onlardan imtina edəcək?”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, hazırda Ermənistan Konstitusiya Məhkəməsində seçkilərin nəticələrinə dair şikayətlərin araşdırılması davam etsə də, müxalif düşərgədə artıq növbəti addımlarla bağlı müzakirələr aparılır.

“Məlumatlarımıza əsasən, müxalif dairələrdə daha çox üstünlük verilən ssenari ondan ibarətdir ki, seçilmiş qüvvələr sonda onlara düşən mandatları qəbul edəcək və parlament fəaliyyətinə qoşulacaqlar”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, hətta qeyri-rəsmi müzakirələr zamanı gələcək parlament vəzifələri ilə bağlı müxtəlif ehtimallar da səsləndirilir.

“Xüsusilə, parlament sədrinin müavini vəzifəsinə mümkün namizəd kimi “Güclü Ermənistan” partiyasının siyahısı ilə deputat seçilmiş Edqar Qazaryanın adı hallandırılır”, - deyə nəşr yazıb.

“Joğovurd” mövzu ilə bağlı Edqar Qazaryanın özü ilə də danışıb. Qazaryan isə hazırkı mərhələdə belə bir məsələnin gündəmdə olmadığını bildirib.

“Hazırda belə bir müzakirə yoxdur. Çünki Konstitusiya Məhkəməsində şikayətlərin araşdırılması prosesi davam edir. Bu prosesin necə yekunlaşacağı və ümumiyyətlə, müxalif qüvvələrin mandatları qəbul edib-etməyəcəyi hələ məlum deyil”, - deyə Qazaryan vurğulayıb.

Nəşrin qənaətinə görə, müxalifət açıq şəkildə Ermənistan Konstitusiya Məhkəməsinin qərarını gözləsə də, siyasi kulislərdə artıq seçkilərdən sonrakı mümkün inkişaf ssenariləri müzakirə olunur.

“Lakin müxalif qüvvələrin parlamentə daxil olub-olmayacağı və ya parlamentdənkənar mübarizəni davam etdirəcəyi ilə bağlı yekun cavab hələ də qeyri-müəyyən olaraq qalır”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin