Erməni ekspert: “Ermənistanın aqrar sektoru üçün bu, çox ciddi çağırışdır”

2025/07/1753256643.jpg
Oxunub: 278     08:23     23 İyun 2026    
“Rosselxoznadzor”un Ermənistandan Rusiya Federasiyasına karantin nəzarətinə məruz qalan məhsulların idxalına məhdudiyyət qoyulması barədə qərarı ixracın əsas istiqamətlərinə, tərəvəz, meyvə və çiçək məhsullarına zərbə vurub. Bu addım Ermənistanın xarici bazarların real şaxələndirilməsinə nə dərəcədə hazır olması ilə bağlı sualları daha da aktuallaşdırıb.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı Suren Parsyan deyib.

Erməni ekspert bildirib ki, Rusiya onilliklər ərzində Ermənistanın əsas iqtisadi tərəfdaşı olaraq qalır. Onun sözlərinə görə, bu vəziyyət həm coğrafi, həm də tarixi amillərlə bağlıdır.

“Ermənistan müstəqillik əldə etdikdən sonra əsas iqtisadi tərəfdaşı Rusiya Federasiyası olub”, - deyə o qeyd edib. Parsyan vurğulayıb ki, bazarların yaxınlığı və SSRİ-nin dağılmasından sonra formalaşmış biznes əlaqələrinin qorunub saxlanılması bu prosesdə mühüm rol oynayıb.

Erməni ekspert xatırladıb ki, Ermənistan 2014-cü ildən Avrasiya İqtisadi Birliyinin üzvüdür və bu üzvlük Ermənistan-Rusiya ticarət-iqtisadi münasibətlərinin inkişafına əlavə stimul verib.

“Bununla yanaşı, ölkə İran, Serbiya, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri və digər dövlətlərin bazarlarına çıxış imkanı əldə edib. Əsas problemlərdən biri ixrac strukturunun yüksək dərəcədə Rusiya bazarından asılı olmasıdır. 2025-ci ildə Ermənistan Rusiyaya təxminən 2,9 milyard dollar dəyərində məhsul ixrac edib və bunun əhəmiyyətli hissəsini kənd təsərrüfatı məhsulları təşkil edib”, - deyə Parsyan qeyd edib.

Erməni ekspert deyib ki, Ermənistan meyvələrinin təxminən 90 faizi, tərəvəzlərinin isə 98 faizə yaxını məhz Rusiyaya ixrac olunur.

“Ermənistan tərəvəzlərinin, meyvələrinin, balıq məhsullarının, alkoqollu içkilərinin və çiçəklərinin əsas satış bazarı 90 faizdən çox olmaqla Rusiya Federasiyasıdır. Əgər bu məhsulları Rusiyaya ixrac etmək imkanını itirsək, faktiki olaraq onların satış imkanını da itirmiş olacağıq”, - deyə o vurğulayıb.

Parsyan əlavə edib ki, son beş ildə Ermənistanın Rusiya bazarından asılılığı azalmayıb, əksinə daha da güclənib. Onun fikrincə, ixrac və idxal bazarlarının şaxələndirilməsi təkcə iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsidir.

Erməni ekspert bildirib ki, bu istiqamətdə həyata keçirilən dövlət proqramları hələlik nəzərəçarpacaq nəticə verməyib. Onun sözlərinə görə, görülən tədbirlərin ümumi göstəricilərə təsiri zəif olub.

“Ermənistan hökuməti əsas diqqəti Avropa bazarlarına yönəltməyə çalışır. Lakin Avropa bazarına çıxışın əsas maneəsi gömrük rüsumları deyil, ciddi standart və normativ tələblərdir.

Ermənistan məhsullarının Avropa standartlarına uyğunlaşdırılması vaxt, ciddi iş və böyük maliyyə resursları tələb edir. Eyni zamanda bəzi hallarda Ermənistan kənd təsərrüfatı məhsullarının qiyməti Avropa məhsullarından daha yüksək olur.

Ermənistan məhsulları əsasən yüksək keyfiyyətli məhsulların yer aldığı premium seqmentdə rəqabət apara bilər. Bunun üçün isə yüksək keyfiyyət standartları, güclü marketinq və PR dəstəyi, həmçinin Avropa bazarında tanınmış brend formalaşdırılması vacibdir”, - deyə o bildirib.

Parsyan logistika problemlərinin də ciddi maneə olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə Yuxarı Lars keçid məntəqəsində yaranan problemlər mütəmadi olaraq ixracatçılar üçün çətinlik yaradır.

“Keçən ilin iyun ayında çiçək və tərəvəz ixracı sahəsində ciddi problemlərlə üzləşdik və əhəmiyyətli itkilər verdik”, - deyə o xatırladıb.

Erməni ekspert vurğulayıb ki, Avropaya ixrac zamanı da logistika problemləri mövcuddur, Ermənistanın ixrac etdiyi məhsulların əksəriyyəti tez xarab olan məhsullar olduğundan onların sürətli şəkildə daşınması vacibdir.

Onun sözlərinə görə, ən sürətli nəqliyyat üsulu hava daşımalarıdır, lakin bu da xərcləri əhəmiyyətli dərəcədə artırır.

Parsyan Axalkalaki-Qars dəmir yolu xəttindən də danışaraq bildirib ki, Ermənistan üçün Qərb istiqamətində ixrac zamanı bu marşrutdan istifadə o qədər də məntiqli deyil.

“Lakin Gümrü-Qars xətti açılsa, vəziyyət dəyişə və şərtlər daha əlverişli ola bilər. Bununla belə, yaxın perspektivdə bu marşrutun açılması nəzərdə tutulmur. Hökumət aqrar sektordakı böhranın aradan qaldırılması üçün bəzi məhsulların subsidiyalaşdırılmasını nəzərdən keçirir. Lakin bu addım problemi tam həll etmir və daha çox təcili tədbir xarakteri daşıyır. Biz çox ciddi çağırışla üzləşmişik və hazırda bu problemin həlli hələ uzaqdadır. Hələlik yalnız təcili antiböhran tədbirləri həyata keçirilir”, - deyə o bildirib.

Parsyan hesab edir ki, fermerlər arasında yaranmış qeyri-müəyyənlik hissi də ciddi təhlükə yaradır.

“Əgər onlar məhsullarını sərfəli qiymətə sata bilməsələr, il ərzində böyük zərərlərlə üzləşəcək və gələcəkdə həmin məhsulların istehsalını azaltmaq və ya tamamilə dayandırmaq qərarı verə bilərlər. Kənd təsərrüfatında Ermənistan əhalisinin əhəmiyyətli hissəsi çalışır və buna görə də nəticələr genişmiqyaslı ola bilər. Bəzi məhsulların daxili bazarda müvəqqəti ucuzlaşması vətəndaşları aldatmamalıdır. Çünki gələcəkdə istehsalın azalması yenidən qiymət artımına səbəb olacaq”, - deyə erməni ekspert bilditib.

Parsyan enerji sahəsindəki asılılığa da diqqət çəkib. O bildirib ki, maye yanacağın təxminən 90 faizi Rusiyadan idxal edilir. Təbii qaz isə əsasən Rusiya və İrandan alınır və bunun 83-84 faizi Rusiyanın payına düşür.

Erməni ekspert vurğulayıb ki, qazın bahalaşması elektrik enerjisi, nəqliyyat, sənaye və kənd təsərrüfatı da daxil olmaqla bütün iqtisadiyyata təsir göstərə bilər.

Onun sözlərinə görə, enerji bazarının tam şaxələndirilməsi çətindir, çünki alternativ mənbələr Rusiya qazından daha bahadır.

“Hazırda qazın bazar qiyməti hər 1000 kubmetr üçün təxminən 400-500 dollar təşkil edir. Rusiya qazının qiyməti isə 177,5 dollardır”, - deyə o bildirib.

Erməni ekspert qeyd edib ki, Rusiya ilə mövcud qaz müqaviləsi 2027-ci ilə qədər qüvvədə qalacaq və gələcək qiymətlər tərəflər arasında əldə olunacaq siyasi razılaşmalardan asılı olacaq.

Xatırladaq ki, “Rosselxoznadzor”un Ermənistan kənd təsərrüfatı məhsullarında aşkar edilmiş pozuntularla bağlı 15 may tarixli bəyanatından sonra Rusiya 12 iyundan etibarən Ermənistandan karantin nəzarətinə məruz qalan bütün məhsulların idxalına və onların Avrasiya İqtisadi Birliyi ölkələrinə tranzitinə məhdudiyyət tətbiq edib.

Mövcud şəraitdə Ermənistan İqtisadiyyat Nazirliyi Rusiya qadağasından zərər çəkmiş kənd təsərrüfatı istehsalçıları və ixracatçılar üçün təcili dəstək tədbirləri paketinin işə salındığını açıqlayıb. Lakin ekspertlərin fikrincə, bu tədbirlər fermerlərin üzləşdiyi itkiləri tam kompensasiya etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rosselxoznadzor   Rusiya  


Bizi "telegram"da izləyin