Cənubi Koreya dünyanın ən böyük 10 silah ixracatçısı sırasına daxil olub

2026/06/Ekran-1782103085.jpg
Oxunub: 269     08:39     22 İyun 2026    
Cənubi Koreya qlobal silah bazarının təxminən 3 faizinə sahib olaraq dünyanın ən böyük silah ixracatçıları arasında doqquzuncu yerə yüksəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Cənubi Koreya hazırda Avropadakı NATO ölkələrinə silah tədarükü sahəsində yalnız ABŞ-dən geri qalaraq ikinci yerdə qərarlaşıb.

“Politico” bu yüksəlişi ölkənin aqressiv ixrac siyasəti və Cənubi Koreya istehsalı olan artilleriya sistemləri, zirehli texnika və raket komplekslərinə qlobal tələbatın artması ilə əlaqələndirir.

Ölkənin aparıcı müdafiə şirkətləri olan “Hanwha Group”, “Hyundai Rotem”, “LIG Nex1” və “Korea Aerospace Industries” sürətlə böyüyür. Onların ümumi gəlirlərinin 2026-cı ildə təxminən 37 milyard dollara çatacağı proqnozlaşdırılır.

Bu göstərici 2021-ci illə müqayisədə dörd dəfə çoxdur. NATO üzvlərinin hərbi modernləşmə və yenidən silahlanma proqramlarını sürətləndirməsi nəticəsində Cənubi Koreya müdafiə şirkətləri Avropa bazarında mövqelərini sürətlə genişləndirirlər.

İxrac artımına Seulun müdafiə sənayesini milli iqtisadiyyatın əsas sütunlarından birinə çevirmək istiqamətində həyata keçirdiyi strateji siyasət də dəstək verir.

SIPRI-nin 2021-2025-ci illəri əhatə edən məlumatlarına əsasən, Cənubi Koreya dünyanın aparıcı silah ixracatçılarından biri kimi mövqeyini daha da gücləndirib. Ölkənin qlobal silah ixracındakı payı 2016-2020-ci illərdəki 2,6 faizdən 2021-2025-ci illərdə 3 faizə yüksəlib. Eyni zamanda ümumi ixrac həcmi əvvəlki beşillik dövrlə müqayisədə 24 faiz artıb.

Polşa Cənubi Koreya silahlarının ən böyük alıcısı olub və ümumi ixracın 58 faizini təşkil edib. Digər əsas müştərilər arasında Filippin və Birləşmiş Ərəb Əmirlikləri yer alıb. Filippin Cənubi Koreya silah ixracının 18 faizini təşkil edib və ölkənin ümumi silah idxalının 42 faizini məhz Cənubi Koreyadan təmin edib. Birləşmiş Ərəb Əmirliklərinin payı isə 9,5 faiz olub.

Cənubi Koreya eyni zamanda Avropadakı NATO üzvləri üçün ABŞ-dən sonra ikinci ən böyük silah təchizatçısına çevrilib. Ölkə alyansın ümumi silah idxalının 8,6 faizini təmin edib. Polşanın idxal etdiyi silahların isə 47 faizi Cənubi Koreya mənşəli olub.

İxrac sahəsindəki uğurlara baxmayaraq, Cənubi Koreya dünyanın ən böyük silah idxalçıları arasında 16-cı yerdə qərarlaşıb. Bununla belə, ölkə ordusunun təchizatında yerli müdafiə sənayesinə daha çox üstünlük verilməsi nəticəsində silah idxalı 2016-2020-ci illərlə müqayisədə 54 faiz azalıb.

Buna baxmayaraq, Cənubi Koreya hələ də əsasən ABŞ-dən asılı olaraq qalır. Ölkənin silah idxalının 93 faizi ABŞ-nin payına düşür. Digər əsas təchizatçılar Böyük Britaniya və İsraildir.

Daha əvvəl yayılan məlumatlara görə, 2021-2025-ci illərdə Almaniya silah ixracına görə Çinini geridə qoyaraq dünyada dördüncü yerə yüksəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Silah  


Bizi "telegram"da izləyin