“Rosselxoznadzor” iyunun 12-dən Ermənistandan bütün karantin məhsullarının idxalını məhdudlaşdırır

2026/06/1780303036.jpg
Oxunub: 298     17:10     11 İyun 2026    
Rusiyanın “Rosselxoznadzor” qurumu 2026-cı il iyunun 12-dən etibarən Ermənistandan idxal edilən və Ermənistan mənşəli bütün karantin məhsullarının Rusiyaya gətirilməsini, eləcə də onların Rusiya ərazisindən Avrasiya İqtisadi Birliyinə üzv ölkələrə tranzitini məhdudlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Məlumata görə, qadağa daşınan məhsulların təhlükəsizliyini və izlənəbilməsini təmin edən aydın mexanizm hazırlanıb tətbiq olunana qədər qüvvədə qalacaq.

“Rosselxoznadzor” qeyd edib ki, qərar karantin obyektlərinin mütəmadi aşkarlanması səbəbindən qəbul olunub.

Qurumun açıqlamasında vurğulanıb ki, cari ilin may ayından başlayaraq Ermənistanın bəzi karantin məhsullarının idxalına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edilib, həmçinin daşımalar zamanı aşkar olunan pozuntularla bağlı erməni tərəfinə dəfələrlə məlumat göndərilib.

Buna baxmayaraq, karantin zərərvericilərinin aşkarlanması halları davam edir. İyun ayında Ermənistandan gətirilən qoz, qurudulmuş şaftalı və qurudulmuş pomidor partiyalarında kapra böcəyi ilə yoluxmanın üç halı qeydə alınıb.

“Rosselxoznadzor” hesab edir ki, bu faktlar Ermənistanın səlahiyyətli qurumları tərəfindən lazımi nəzarətin həyata keçirilmədiyini göstərir və fitosanitar sertifikatlaşdırma sisteminə inamsızlıq yaradır.

Qurumun fikrincə, Ermənistanın Karantin və Bitki Mühafizəsi Xidmətinin fəaliyyətinin səmərəsizliyi Rusiya və Avrasiya İqtisadi Birliyinin fitosanitar təhlükəsizliyi üçün risk yaradır.

Məlumatda bildirilir ki, kapra böcəyi Rusiyada mövcud olmayan və anbar ehtiyatları üçün ən təhlükəli zərərvericilərdən biridir.

Bu zərərverici taxıl, yağlı bitkilər, paxlalılar, texniki bitkilər və onların emalı nəticəsində əldə olunan məhsullara, eləcə də meşə, dekorativ və digər bitki növlərinə ziyan vurur.

Kapra böcəyi taxıl anbarlarını, nəqliyyat vasitələrini, xammal və un anbarlarını, dəyirmanları, yem zavodlarını, qənnadı fabriklərini, səməni anbarlarını və pivə istehsalı müəssisələrinin emal sahələrini yoluxdura bilir.

Qurumun məlumatına görə, bu zərərverici saxlanılan məhsulun 70 faizinə qədərini məhv etmək qabiliyyətinə malikdir. “Rosselxoznadzor” qeyd edib ki, Rusiyaya dəyə biləcək iqtisadi zərər yalnız məhsul itkisi və yoluxma ocaqlarının aradan qaldırılması tədbirləri ilə məhdudlaşmır.

Bu zərərvericinin olmadığı ölkələrə ixrac bazarlarının itirilməsi də mümkün risklər sırasındadır. Bu isə ixrac olunan taxıl məhsullarının dezinfeksiyası üçün əlavə iqtisadi xərclərə səbəb ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rosselxoznadzor   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin