Meloni Aİ üçün vahid nümayəndənin seçilməsinə çağırıb

2026/05/1779291870.jpg
Oxunub: 208     17:09     11 İyun 2026    
İtaliyanın Baş naziri Corcia Meloni Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Avropanı təmsil edəcək vahid nümayəndənin müəyyənləşdirilməsinin vacibliyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə iyunun 11-də “Corriere della Sera” qəzeti məlumat yayıb.

Meloni Deputatlar Palatasında çıxışı zamanı qeyd edib ki, Avropa İttifaqı bu dialoqa rəhbərlik etməyə hazır olmalıdır və yalnız müşahidəçi mövqeyində qalmaq və ya başqalarının qərarlarına uyğunlaşmaq yanlış yanaşma olardı.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə Avropanın maraqlarını danışıqlar masasında kimin təmsil edəcəyinə aydınlıq gətirilməlidir.

“Avropa İttifaqı bu dialoqa rəhbərlik etməyə hazır olmalıdır. Sadəcə kənardan müşahidə etmək və ya başqalarına uyğunlaşmaq səhv olardı. Lakin bunun üçün Avropanın maraqlarını danışıqlar masasında kimin təmsil edəcəyini müəyyən etməliyik”, - deyə Meloni bildirib.

İtaliyanın Baş naziri vurğulayıb ki, Avropa İttifaqına üzv bütün ölkələrin etimadını və mandatını qazanmış nüfuzlu bir şəxs seçilməlidir ki, Avropanın mövqeyini irəli sürə bilsin.

Meloninin fikrincə, Avropa Moskva ilə gələcək qarşılıqlı fəaliyyət yolları barədə ümumi və praktiki müzakirələrə başlamalıdır.

O qeyd edib ki, Ukrayna ilə Rusiya arasında sülhə dair istənilən ciddi ssenaridə bir çox məsələlər birbaşa Avropadan asılıdır, Avropaya təsir edir və məhz buna görə də həmin danışıqları Avropa aparmalıdır.

Baş nazir həmçinin müttəfiqlərlə birgə fəaliyyət göstərərək sülh üçün zəruri şəraitin yaradılmasına töhfə verməyə çağırıb.

Meloni əlavə edib ki, bu məqsədə nail olmaq üçün Avropa ilə ABŞ arasında birlik qorunmalı və koordinasiya daha da gücləndirilməlidir.

Onun sözlərinə görə, bu, asan vəzifə olmasa da, həyati əhəmiyyət daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni     İtaliya  


Bizi "telegram"da izləyin