Çexiya İsrailin milli təhlükəsizlik nazirinə qarşı Aİ sanksiyalarını bloklayacaq

2026/06/1781183990.jpg
Oxunub: 209     17:17     11 İyun 2026    
Çexiya hakimiyyəti Avropa İttifaqının İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq etməsinə imkan verməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Petr Maçinka bəyan edib.

“Bloomberg” agentliyinin məlumatına görə, Çexiya XİN rəhbəri Avropa İttifaqındakı tərəfdaşlarını Ben-Qvirə qarşı sanksiyalar tətbiq etməyə “heç cəhd göstərməməyə” çağırıb.

“Əks halda biz onları bloklayacağıq”, - deyə Maçinka bildirib.

Nazir izah edib ki, İsrailə qarşı sanksiyalar tətbiq olunması təşəbbüsü oktyabrın sonunda keçiriləcək növbəti Knesset seçkilərinə qədər Aİ daxilində ümumiyyətlə müzakirə edilməməlidir.

Onun sözlərinə görə, Avropa İttifaqının Ben-Qvirə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi yalnız onun israilli seçicilər arasındakı reytinqini yüksəldəcək.

Maçinka qeyd edib ki, Ben-Qvir və İsrailin maliyyə naziri Betsalel Smotriçə qarşı sanksiyalar onların həmvətənlərinin gözündə bu siyasətçiləri qəhrəmana və “Qərbin hansısa antisiyonist sui-qəsdinin qurbanına” çevirəcək.

“Bu nə qədər paradoksal səslənsə də, əslində biz onlara kömək etmiş olacağıq”, - deyə Çexiya XİN rəhbəri vurğulayıb.

Nazir əlavə edib ki, Aİ-nin mümkün sanksiyaları İsrailin daxili seçki prosesinə müdaxilə kimi də qəbul oluna bilər.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas daha əvvəl İrlandiyanın RTE telekanalına müsahibəsində bildirmişdi ki, Aİ üzvləri bu məsələdə vahid mövqeyə malik olmadıqları üçün İsrailə qarşı sanksiyaları sərtləşdirmirlər.

Onun sözlərinə görə, Avropa Komissiyası yaxın vaxtlarda İsrailə qarşı yeni tədbirlər təklif edəcək, lakin onların təsdiqlənməsi çətin görünür.

İyunun əvvəlində “Euractiv” portalı iyunun 18-19-da keçiriləcək Aİ sammitinin sənəd layihəsinə istinadən xəbər vermişdi ki, Avropa Şurası Baş nazir Benyamin Netanyahunun hakim koalisiyasının bəzi üzvlərinə qarşı tədbirlər görülməsi prosesinə başlamağı nəzərdən keçirir.

Məlumata görə, həmin şəxslər “Sumud” beynəlxalq donanması aksiyası iştirakçılarının hüquqlarının pozulmasına görə məsuliyyət daşıya bilərlər.

Söhbət xüsusilə Ben-Qvirdən gedir. O, daha əvvəl “X” sosial şəbəkəsində İsrail hüquq-mühafizə orqanlarının “Sumud” fəallarını alçaldıcı şəraitdə saxlamasını əks etdirən video paylaşmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   İsrail  


Bizi "telegram"da izləyin