Silahsız yardımçı gəmilər olmasa, ABŞ-nin 11 nüvə aviadaşıyıcısı okeanda hərəkətsiz qala bilərmi?

2026/06/reter-1781183306.jpg
Oxunub: 281     17:34     11 İyun 2026    
USNS “Thurgood Marshall” gəmisinin Hərbi Dəniz Qüvvələrinin xidmətinə qəbuluna hazırlıq getdiyi gün həmin sinfə məxsus digər gəmi olan USNS “Harriet Tubman” San-Dieqoda yanğınla üzləşib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin hazırda xidmətində cəmi 11 nüvə enerjili aviadaşıyıcının olması tez-tez diqqət mərkəzinə gətirilir. Qanuna əsasən, Hərbi Dəniz Qüvvələri bu sayda aviadaşıyıcını döyüş logistikası qüvvələrinin tərkibində saxlamağa borcludur. Bundan əlavə, donanma ən azı 31 amfibiya hücum gəmisini istismarda saxlamalıdır. Onlardan 10-u böyük uçuş göyərtəsinə malik amfibiya hücum gəmiləri (LHA/LHD), qalanları isə amfibiya nəqliyyat dokları (LPD) və ya dok-desant gəmiləri (LSD) olmalıdır.

Bunun əksinə olaraq, donanmanın müəyyən sayda yanacaq təminatı tanker gəmisini saxlamasını tələb edən qanun yoxdur. Halbuki bu gəmilər aviadaşıyıcıların və onların zərbə qruplarının döyüş hazırlığını qorumaq üçün yanacaq, sursat və quru yüklər daşıyan mühüm qüvvə gücləndiriciləridir. Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin cəmi 18 donanma təminat tankeri var. Bunlardan 14-ü köhnə “Henry J. Kaiser” sinfinə, 4-ü isə yeni “John Lewis” sinfinə məxsusdur.

USNS “Thurgood Marshall” adlandırılıb

ABŞ Hərbi Dəniz Qüvvələri Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən “General Dynamics National Steel and Shipbuilding Company” (NASSCO) gəmiqayırma zavodunda keçirilən mərasimdə ən yeni donanma təminat tankeri olan USNS “Thurgood Marshall”a (T-AO-211) rəsmi ad verib. “John Lewis” sinfinə məxsus yeddinci tanker gəmi ABŞ Ali Məhkəməsinin keçmiş hakimi Törqud Marşalın şərəfinə adlandırılıb. O, vətəndaş hüquqları üzrə hüquqşünas olub və 1967-ci ildən 1991-ci ilə qədər Ali Məhkəmədə fəaliyyət göstərib.

Digər təminat tankerlərində olduğu kimi, T-AO-211 xidmətə qəbul edildikdən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin Hərbi Dəniz Daşımaları Komandanlığı tərəfindən idarə olunacaq.

ABŞ Müharibə Nazirliyi yaydığı açıqlamada bildirib: “Gələcək USNS “Thurgood Marshall” (T-AO-211) ABŞ Ali Məhkəməsinin hakiminin şərəfinə adlandırılmış on üçüncü dəniz logistik dəstək gəmisi kimi şərəfli ənənəni davam etdirir. Bu ənənə 1942-ci ildə SS “John Jay” adlı “Liberty” yük gəmisinin istismara verilməsi ilə başlayıb. Həmin gəmi tarixi “D-Day” desant çıxarmalarının həyata keçirildiyi “Operation Neptune” əməliyyatı üçün zəruri logistik ehtiyatların formalaşdırılmasına mühüm dəstək göstərib”.

Adlandırma mərasimi gəminin xidmətə qəbul mərasimi ilə eyni deyil. USNS “Thurgood Marshall” rəsmi döyüş gəmisi statusuna malik olmadığından onun üçün klassik xidmətə qəbul mərasimi keçirilməyəcək. T-AO-211 ABŞ Hərbi Dəniz Qüvvələri üçün sifariş edilmiş 17 “John Lewis” sinfinə məxsus tanker gəmidən biridir. Bu gəmilərin 2030-cu illərdə “Henry J. Kaiser” sinfini tam əvəz etməsi nəzərdə tutulur.

Vitse-admiral Duqlas Verissimo bildirib: “Bu cür gəmilər təsadüfən yaranmır. Onlar sənaye bazamızda inşa edilir, donanmamıza inteqrasiya olunur və vətəndən yüz minlərlə mil uzaqda xidmət etməyə hazır vəziyyətə gətirilir. USNS “Thurgood Marshall” və onun kimi digər gəmilər donanmamızın inkişafını təmin edir və xidmət başında olan hərbçilərə ölkəmizi müdafiə etmək imkanı yaradır”.

Gələcək USNS “Harriet Tubman” gəmisində yanğın

USNS “Thurgood Marshall”ın adlandırılmasından cəmi bir neçə saat sonra ABŞ Hərbi Dəniz Qüvvələri xoşagəlməz hadisə ilə üzləşib. Hazırda San-Dieqoda inşa edilən gələcək USNS “Harriet Tubman” gəmisində yanğın baş verib. Yanğının söndürülməsi üçün gəmiqayırma zavodundan və kənardan 80-dən çox yanğınsöndürən cəlb olunub. Alov qısa müddətdə nəzarət altına alınıb.

Şirkətin açıqlamasında deyilir: “Heç kim xəsarət almayıb və yanğın qısa müddət sonra söndürülüb. Hadisənin səbəbi araşdırılır. Zərər minimaldır və əsasən idman zalı avadanlıqlarına dəyib”.

Hazırda yanğının gəminin tikintisinə ciddi təsir göstərəcəyi gözlənilmir. USNS “Harriet Tubman” (T-AO-213) ABŞ Hərbi Dəniz Qüvvələrinin qulluğun ləğvi uğrunda mübarizə aparmış və vətəndaş hüquqları fəalı olmuş Harriyet Tabmanın adını daşıyan ikinci gəmisidir. Birincisi İkinci Dünya müharibəsi dövründə tikilmiş “Liberty” yük gəmisi olub.

Bundan əlavə, T-AO-213 gəmisinin adı da hazırda ABŞ Müdafiə Nazirliyi tərəfindən daxili şəkildə nəzərdən keçirilir. Nazirlik vətəndaş hüquqları fəallarının adını daşıyan bəzi gəmilərin adlarının “döyüşçü mədəniyyəti” konsepsiyasına uyğunlaşdırılması məqsədilə dəyişdirilməsini müzakirə edir. 2025-ci il iyunun ayında “John Lewis” sinfinə məxsus ikinci tanker olan USNS “Harvey Milk” (T-AO-206) gəmisinin adı dəyişdirilərək USNS “Oscar V. Peterson” edilib. Yeni ad İkinci Dünya müharibəsində “Medal of Honor” mükafatına layiq görülmüş hərbçinin şərəfinə verilib.

ABŞ müharibə naziri Pit Heqset bu qərarı sosial şəbəkədə elan edərək bildirib ki, məqsəd “gəmi adlandırılmasında siyasəti aradan qaldırmaq” və bütün dənizçilərin xidmət etdikləri gəmi ilə fəxr etməsinə şərait yaratmaqdır.

Tanker gəmilər donanmanın “Axilles dabanı”dır

ABŞ Hərbi Dəniz Qüvvələri 1980-ci illərdən etibarən “Henry J. Kaiser” sinfinə məxsus təminat tankerlərindən istifadə edir. İlkin plana görə 18 belə gəmi inşa edilməli idi. Nəticədə 16 gəmi tikilib, onların 14-ü hələ də xidmətdədir.
Bir gəmi 2009-cu ildə Çili Hərbi Dəniz Qüvvələrinə satılıb. Digər gəmi olan USNS “Big Horn” (T-AO-198) isə 2024-cü il sentyabrın ayında Oman sahillərində qayalara oturduqdan və qismən su aldıqdan sonra istismardan çıxarılıb.

“Big Horn” hadisəsi ABŞ Hərbi Dəniz Qüvvələrinin logistik imkanlarının zəif nöqtəsini ortaya çıxarıb. Hadisə USS “Abraham Lincoln” (CVN-72) aviadaşıyıcısının zərbə qrupunun əməliyyatlarına müvəqqəti təsir göstərib. Həmin vaxt 33 yaşlı silahsız yardımçı gəmi Yaxın Şərqdə fəaliyyət göstərən yeganə tanker idi.

Bu hadisə ABŞ Hərbi Dəniz Qüvvələrinin logistik sistemlərinə və yaşlanan dəstək donanmasına düşən yükü bir daha nümayiş etdirib. Hərbi Dəniz Daşımaları Komandanlığı tərəfindən idarə olunan bu gəmilər döyüş gəmiləri və aviadaşıyıcıların aviasiya qrupları üçün yanacaq daşıyır. Qəzada daha ağır nəticələr də baş verə bilərdi. “Henry J. Kaiser” sinfinə məxsus 14 əməliyyat gəmisindən 12-si tək korpusludur. Bu isə qayalara oturma zamanı ciddi ekoloji fəlakət yarada bilərdi.

Xoşbəxtlikdən USNS “Big Horn” ikiqat korpuslu idi. Lakin gələcəkdə də eyni şansın olacağına zəmanət yoxdur. Modernləşdirmə proqramı çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələri köhnə “Henry J. Kaiser” sinfini mərhələli şəkildə “John Lewis” sinfi ilə əvəz edir. Corciya ştatından uzun illər konqres üzvü olmuş və vətəndaş hüquqları simvolu sayılan Con Lyuisin adını daşıyan bu yeni gəmilərin hamısı ikiqat korpusludur.

Hər biri təxminən 162 min barel dizel və aviasiya yanacağı daşıya bilir. Bundan əlavə, quru yüklər, sursat və içməli su da nəql olunur. Bu gəmiləri “üzən yanacaqdoldurma məntəqəsi və ərzaq mağazası” adlandırmaq şişirtmə olmazdı. Çünki onlar hərəkətdə olan ABŞ döyüş gəmilərinin eyni vaxtda həm yanacaqla, həm də digər ehtiyatlarla təmin edilməsinə imkan verir.

İlk “John Lewis” sinfinə məxsus tanker olan USNS “John Lewis” (T-AO-205) 2021-ci ildə adlandırılıb və 2022-ci ildə xidmətə qəbul edilib. ABŞ Hərbi Dəniz Qüvvələri ümumilikdə 20 belə gəminin tikintisini sifariş edib. USNS “Thurgood Marshall”ın tamamlanması ilə yeddi gəmi inşa olunub, onlardan dördü artıq xidmət göstərir.

“John Lewis” sinfinə məxsus tanker gəmilərinin texniki xüsusiyyətləri

Xidmətə qəbul tarixi: 2022-ci il (USNS John Lewis)
İnşa edilən say: 7 (4-ü xidmətdədir, ümumilikdə 20 planlaşdırılır)
Uzunluğu: 227,4 metr
Eni: 32,4 metr
Tam subasımı qabiliyyəti: 49 850 ton
Enerji qurğusu:
- 2 ədəd “Fairbanks-Morse” 12V48/60CR dizel mühərriki
- 2 val
- 2 pər
Maksimum sürəti: 20 düyün (37 km/saat)
Üzmə məsafəsi: 11 384 kilometr
Daşıma imkanları:
- 156 min barel yanacaq
- quru yüklər
- sursat
- içməli su
Özünümüdafiə vasitələri:
- 12,7 mm çaplı pulemyotlar
- “Phalanx” yaxın müdafiə sistemi
Aviasiya imkanları:
- helikopter uçuş göyərtəsi
Ekipaj:
- 125 nəfər.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   USNS-Thurgood-Marshall   Gəmi  


Bizi "telegram"da izləyin