“Kinjal” müqabilində Rusiya-NATO müharibəsinin tərəfinə çevrilmək?

2024/06/1719308365.jpg
Oxunub: 455     12:36     26 İyun 2024    
Rusiya prezidenti Vladimir Putinin Pxenyan və Hanoy səfərindən əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədri Dimitri Medvedev “Telegram” kanalında yazıb ki, müttəfiq ölkələrin ən müasir silahları alması zəruridir.

Rusiya-Şimali Koreyanın “Hərtərəfli Strateji Əməkdaşlıq” sazişinə Cənubi Koreyanın reaksiyası məlum olanda, Putin hələ səfərdə idi. Seul bəyan edib ki, Rusiyaya qarşı iqtisadi məhdudiyyətləri sərtləşdirəcək və Ukraynaya silah tədarük etməmək mövqeyinə yenidən baxacaq. “Bu müqavilədə SSRİ ilə KXDR arasında 1962-ci il müqaviləsində nəzərdə tutulandan başqa yeni heç nə yoxdur”, - deyə Rusiya prezidenti Kim Çen Inla razılaşmalar barədə bildirib, lakin Seul şəffaflıq tələb edir.

Qərb mənbələri Rusiyanın “Şimali Koreyaya yalnız peyk idarəetməsi ilə tətbiq edilən hipersəs raketləri vermək niyyətində olduğunu” ehtimal edirlər. Şərti olaraq qeyd olunur ki, söhbət “Kinjal” raketlərindən gedir, Moskva bu raketlərin tətbiqini idarə etmək üçün Şimali Koreyaya “kosmik texnologiyalar da verəcək”. “Qərb düşərgəsinin Kim Çen Inın müasir silahlar müqabilində KXDR-in canlı qüvvəsini Ukrayna cəbhəsinə göndərəcəyi ilə bağlı qorxusu həqiqətə uyğun deyil”, - deyə “RİA Novosti”nin şərhçisi yazır.

Belə hallarda inkarın daha çox təsdiqə bənzədiyini söyləmək adətdir, çünki müharibənin bir mərhələsində, tərəflərin texnoloji rəqabətinin həlledici olduğu bir vaxtda Moskva Pxenyandan sadəcə olaraq başqa heç nə gözləyə bilməz. Qərb mətbuatı Putinin Pxenyan və Hanoy səfərini “Çarəsizlər Klubu” yaratmaq cəhdi kimi xarakterizə edib. Buna əsasən, İranda prezident seçkilərindən sonra “Hərtərəfli Strateji Əməkdaşlıq” sazişinin müzakirələri bərpa olunsa və uğurla nəticələnsə, sözügedən cəhd uğurlu olacaq.

Bunun fonunda Rusiya Federal Təhlükəsizlik Xidmətində çox mühüm dəyişiklik baş verib. Beşinci xidmətin rəisi general-polkovnik Sergey Beseda 70 yaş həddini aşdığı üçün tutduğu vəzifədən azad edilib. Bu xidmət daxili və MDB ölkələri haqqında məlumat toplayır. Görünür, Kreml postsovet ölkələrinə nəzarəti “buraxmaq”dan narazıdır. KTMT-nin aktuallığını itirdiyini proqnozlaşdırmaq olar. Moskvada təhlükəsizliyin bütün postsovet ərazisinə nüfuz etməsi konsepsiyası hazırlanır və ya artıq hazırlanıb.

Bəs kim razılaşar ki, Rusiya hökumətindən “Kinjal” almaq müqabilində Ukrayna müharibəsinin, qlobal miqyasda isə Rusiya-NATO müharibəsinin tərəfinə çevrilsin? Üstəlik, Rusiyanın texnoloji silahlarının “boyunduruğuna bağlanmış kəsiləcək heyvan statusunda”. Rusiyanın ekspert icması artıq Ukrayna müharibəsini “Qərbin Rusiyaya qarşı strateji hücumu” adlandırır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   KXDR   Ukrayna   Kinjal  


Bizi "telegram"da izləyin