Bu, həm də bir həsrətin bitməsi və son nöqtəsiydi... “Sən demə qardaşımın məzarı önündən keçib gedirmişəm” (FOTOLAR)

2024/06/66-5158737177.jpg
Oxunub: 1183     16:53     28 İyun 2024    
Son bir neçə aydır ki, 1991-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab edilən soydaşlarımızın kimliyi məlum olanların sayı artıb. Uzun illərdir ki, həsrətlə yol gözləyən ailə üzvlərinin gözlərinin yoldan yığılması ailə üzvləri üçün böyük bir təsəllidir.

Ordu.az komandansı olaraq şəhidlərimizin dəfn olunması xəbərilə yanaşı həm də onların şəhid olmamışdan öncəki taleləri ilə bağlı silsilə yazıları Sizə təqdim edirik. Onlardan biri də, əslən Kəlbəcər rayonu Çorman kəndində olan Ədalət Veysəl oğlu Əliyevdir.


İntizarlı gözlər, həsrətli ötən illər, narahat ruhlar

Ədalət Veysəl oğlu Əliyev bu ilin 22 may tarixində Tərtər ümumşəhər qəbristanlığında dəfn edildi. Nə az, nə çox. Düz 30 ildən sonra gələn bir xəbər Əliyevlər ailəsini çox sevindirir. Niyə də olmasın, illərdir böyük həsrətlə gözlədikləri bir xəbərin sorağı gəlmişdi. Ailə üzvlərinin daha gözü yoldan yığılmışdı. İndiyə qədər ölməsi və ya əsir götürülməsindən xəbər ala bilmədikləri, Kəlbəcərin işğalından sonra taleyindən bixəbər olduqları əzizləri olan Ədalətin sorağı gəlmişdi. Ailə üzvlərinin bir gözü ağlayır, bir gözü isə gülürdü. Sevincliydilər, həm də çox sevincli. Xəbər ildırım sürətilə yayılmışdı. Yaxından-uzaqdan xəbəri eşidib gələnlərin sayı-hesabı yoxuydu. Bakıdan gətirilən tabut qapıya daxil olana qədər, ailə üzvlərinin telefonları susmur. Hər kəs göz aydınlığı verirdi. Bəli, hər nə qədər acı hisslər olsa da, bu gələn tabut onları sevincə boğmaya bilməzdi. İllərdir öldü-qaldısından xəbər ala bilmədikləri, illərdir adı çəkiləndə diksinib ətrafa görmək ümidilə boylandıqları, görmədikdə isə məyus olaraq köhnəlməyən yaralarının təzələndiyi bir xəbərdən müjdə gəlmişdi. Daha o həsrətli baxışlar, o xəbər almaq ümidilə hər gələn zəngə, hər çağrılan səsə ümid dolu diqqət kəsilməyəcəklər. Bu gələn tabut həm də bir həsrətin bitməsi və son nöqtəsiydi. Təkcə həsrət bitmir, həm də uzun illərdir ki, tənha və küskün qalan narahat ruhlar şad olurdu.


Həm söhbətimiz Ədalət Əliyevin qardaşı Rzadır. Deyir ki, ailədə 9 uşaq olublar: “Ədalət ailənin 4-cü uşağıydı. Ordu sıraları hələ tam formalaşmadığı vaxtlarda belə o silahı götürüb vətənin müdadiəsinə qalxan həmyerlilərimizə qoşulur. Yaşı əsgərlik yaşına çatmasına baxmayaraq, məlum hadisələrə görə Sovet ordu sıralarına getmədi. Elə birbaşa ərazi özünü müdafiə batalyonuna yazıldı. Elə bil ki, şəhid olacağını anlamışdı. Elə hey deyərdi ki, bu şərəfsizləri bacardıqca tez məhv etmək lazımdır”.

Əslində ədalətin bu cür düşünməsi heç də səbəbsiz deyildi. Qarabağın müxtəlif yerlərində eşitdiyi xəbərlər onu da bir çoxları kimi narahat etməyə bilməzdi. Hər dinc sakinin öldürülməsi xəbərini eşitdikcə isə daha da əsəbi olurdu. Demək olar ki, Kəlbəcər istiqamətində aparılan döyüş əməliyyatlarının bir çoxunda iştirak edir. Ağdaban, Narıncalar, Qozlu, daha sonra bir neçə günlük Laçın, son gülərdə isə Kəlbəcərdə Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edir. Sonuncu döyüşü Murovdağ istiqamətində olur. Döyüş dostlarının dediyinə görə hər aparılan döyüş əməliyyatlarında xüsusilə seçilib.


“Sonucu döyüşdən sonra ondan xəbər ala bilmədik əvvəl elə düşünürdük ki, yəqin ki, rabitə əlaqəsi olmayan yerdədirlər. O zamanlar da rabitə yaratmaq olduqca çətin olduğu üçün bir müddət ümidlə gözləməli olduq. Artıq vaxt uzandıqca heç bir yerdən soraq ala bilməməyimiz səbəbindən Ədalətin sağ olmadığı və ya əsir düşdüyü qənaətinə gəldik. Elə həmin vaxtdan da dövlət qurumları vasitəsilə hansısa bir xəbər almağa çalışdıq. Deməli, qismət bu günəymiş.

Uzun axtarışların nəticə verməməsi valideynlərimizin ürəyində Ədalət nisgilini daha da dərinləşdirirdi. Hər dəfə Ədalət adı səslənəndə valideynlərimizin gözünə işıq gəlirdi. Elə bilirdilər ki, bu saat qapıdan içəri girəcək. Amma görəndə ki, yox o deyil, onda elə bil ki, gözlərimizin nuru bir az da azalır deyərdilər. Elə bu nisgillə də dünyadan köç edirlər. İndi hər kəs rahatdır, cismani olmasa da ruhən yaxındırlar”, - deyə qardaşı Rza bildirir.

Rza ilə söhbətimiz davam edir. Qardaşı ilə bağlı xatirələrini danışır. Hardan tapıldığına gəlincə bildiri ki, bir müddət öncə ailə üzvlərindən nümunələr götürüblər: “Açığı deyim ki, buna da ümidim yoxuydu. Nəticə olaraq yox, sadəcə qardaşımı öldü kimi təsəvvür edə bilmirdim. Çünki biz hamımız onu sağ olaraq gözləyirdik. Aradan bir müddət keçmişdi, zəng gəldi. Dedilər ki, qardaşınızın qalıqları məlum olub. Bir müddət donub qaldım. Nə deyəcəyimi və nə edəcəyimi bilmədim. Bir yandan sevindim ona görə ki, artıq qardaşımın taleyinə aydınlıq gəlib. Bir yandan üzüldüm, ona görə ki, onu gözlədiyimiz kimi sağ qarşılaya bilmədik”.


Məzarların önündən keçəndə ayaqlarım sanki yerə yapışıb qalırdı

Rzanın danışdıqları içərisində diqqətimi çəkən bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Ə. Əliyevə aid olan qalıqlar Gəncə şəhidlər xiyabanından aşkar edilən nümunələr əsasında məlum olub. 1994-ci ilin fevral ayında Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Onu götürsələr də, üzərində kimliyini təyin edən sənəd və ya hansısa bir işarə olmadığı üçün Gəncə şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn edirlər.

“Hərdən o qəbristanlığa yaxınlarımızı ziyarət etməyə gedirdik. Elə olurdu ki, istəməsək belə naməlum əsgərlərin qəbrinin önündən keçməli olurduq. Bir neçə dəfə eyni halı hiss etmişdim. Qəbirlərin önündən keçəndə ayaqlarım sanki yerə yapışırdı. Nədənsə ordan getmək istəmirdim. Məzarların qarşısından hər iki tərəfə keçəndə elə olmuşam. İndi anlayıram ki, sən demə qardaşımın məzarı önündən keçib gedirmişəm”, - deyə qardaşı Rza bildirir

Ədalət Veysəl oğlu Əliyev 1973-cü il sentyabrın 18-də Kəlbəcər rayonunun Çorman kəndində anadan olub. Onun 1994-cü il yanvarın 27 Kəlbəcər rayonunun Bozlu kəndi istiqamətində itkin düşdüyü bildirilirdi.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Qarabağ   Murovdağ  


Bizi "telegram"da izləyin