Rumıniya müdafiə sənayesi sahəsində Türkiyədən texnologiya transferi istəyir

2024/06/2024--1719559107.jpg
Oxunub: 293     17:39     28 İyun 2024    
Rumıniyanın milli müdafiə naziri Anxel Tilvar həmkarı Yaşar Gülərin dəvəti ilə “İstanbul” və “Gölcük” Gəmiqayırma Zavodları da daxil olmaqla, bir sıra müdafiə sənayesi istehsal müəssisələrini ziyarət edib.

Ordu.az xəbər verir ki, Rumıniya mətbuatının məlumatına görə, səfər zamanı Rumıniyanın müdafiə qabiliyyətinin inkişafına necə dəstək veriləcəyi müzakirə olunub.

Qeyd olunur ki, Tilvar Müdafiə Nazirliyinin bəzi mərkəzi strukturlarının rəhbərlərindən ibarət nümayəndə heyəti ilə birlikdə bir sıra müdafiə sənayesi istehsal müəssisələrində olub.

Məlumata görə, ASFAT şirkətinin öz portfelinin inkişafına, eləcə də Rumıniyanın müdafiə qabiliyyətinə necə dəstək verə biləcəyi ilə bağlı müzakirələr aparılıb.

“Müdafiə Nazirliyi xüsusilə müasir texnologiyanın transferi, ən müasir hərbi avadanlıqların ölkədə istehsalı və bu proqramlar vasitəsilə alınan təchizatın istismar müddəti ərzində milli səviyyədə texniki xidmət variantlarının təmin edilməsi vasitəsilə milli müdafiə sənayesini Rumıniya ordusunun təchizat proqramları ilə əlaqələndirmək üçün bütün imkanlardan istifadə etməkdə qərarlıdır”, - deyə Tilvar qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Türkiyə   ASFAT  


Bizi "telegram"da izləyin