Zərbə PUA-larına yeni pəncə: IIR MAM-L/T-nin xüsusiyyətləri ortaya çıxdı

2024/06/33342-1719487771.jpg
Oxunub: 479     11:27     28 İyun 2024    
ROKETSAN tərəfindən hazırlanan MAM-L IIR və MAM-T IIR Mini Ağıllı Sursatlarının texniki xüsusiyyətləri açıqlanıb. Hər iki sursat əvvəlki versiyalardan təxminən iki dəfə çox mənzilə sahibdir.

Türkiyənin zərbə tipli Pilotsuz Uçuş Aparatları (SIHA) sahəsində əldə etdiyi irəliləyiş zərbə PUA-sı platformalarının istifadə etdiyi faydalı yüklərdə də özünü göstərir. Türkiyənin ilk zərbə PUA-sı sursatını inkişaf etdirən ROKETSAN lazer axtarış başlıqlı MAM-L, MAM-C və MAM-T məhsul ailəsinə fərqli axtarış başlıqlarına malik yeni üzvlər əlavə edir.

Bu çərçivədə ROKETSAN “Baykar” ilə birlikdə görüntüləyici infraqırmızı (IIR) axtarış başlığını inteqrasiya etdiyi MAM-L IIR və MAM-T IIR sursatlarının sınaq fəaliyyətlərini tamamlayıb. MAM-L və MAM-T-də vurulacaq hədəf zərbə PUA-sı operatoru və ya xarici dost ünsür tərəfindən daim lazerlə işarələnməlidir, MAM-L IIR və MAM-T IIR-ə belə ehtiyac qalmır. Sursata ilkin hədəf məlumatını verdikdən sonra operator ərazini tərk edə və ya hədəfi dəyişə bilər.


Məlumata görə, lazer axtarış başlıqlı MAM-L döyüş sursatları 15 kilometr mənzilə və 22 kiloqram çəkiyə, MAM-L IIR isə 25+ kilometr mənzilə və 23 kiloqram çəkiyə malikdir. MAM-L döyüş sursatı qəlpəli təsirə, yüksək partlayış qabiliyyətinə, tank əleyhinə və termobarik döyüş başlığı seçimlərinə malikdir. MAM-L IIR-də isə qəlpəli təsirə və tank əleyhinə xüsusiyyətinə malik çoxməqsədli döyüş başlığı mövcuddur. MAM-L IIR-nin əsas hədəf növləri arasında personal, əsas döyüş tankı, radar antenası və başqa yerüstü hədəflər, zirehli vasitələr var.

MAM seriyalı sursatların ən çox partlayıcıya malik olan üzvü MAM-T-nin lazer axtarış başlıqlı versiyası 30+ kilometr mənzilə və 95 kiloqram çəkiyə malikdir. MAM-T IIR isə 96 kiloqram çəkiyə və 50+ kilometr mənzilə malikdir. MAM-T-də qəlpəli təsirli, yüksək partlayış qabiliyyətli və termobarik döyüş başlığı seçimləri mövcuddur, MAM-T IIR isə qəlpəli təsirli və termobarik döyüş başlığı seçimlərinə malikdir.

ROKETSAN TV Axtarış Başlıqlı MAM seriyalı sursat üçün də işlərini davam etdirir. MAM seriyalı döyüş sursatları indiyədək 40-dan çox ölkəyə ixrac edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   MAM   PUA  


Bizi "telegram"da izləyin