“Demokratiya, qanun, nizam-intizam” partiyası da seçkilərin nəticələrinə etiraz edərək Ermənistan Konstitusiya Məhkəməsinə müraciət edib

2026/06/1781727247.jpg
Oxunub: 202     17:30     19 İyun 2026    
“Demokratiya, qanun, nizam-intizam” partiyası Ermənistan parlamentinə 2026-cı il iyunun 7-də keçirilmiş seçkilərin nəticələrinin etibarsız sayılması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsi məlumat yayıb.

Məlumata görə, 2026-cı il iyunun 19-da partiyanın nümayəndəsi Ermənistan Konstitusiya Məhkəməsinə ərizə təqdim edərək Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinin nəticələri ilə bağlı qəbul etdiyi qərara etiraz edib.

Ermənistan Konstitusiya Məhkəməsindən bildirilib ki, ərizə daxil olduqdan sonra iki gün ərzində onun icraata qəbul olunub-olunmaması məsələsinə baxılacaq.

Ərizə icraata qəbul edilərsə, iş üzrə məruzəçi hakim təyin olunacaq və məhkəmə baxışına hazırlıq işləri aparılacaq. Parlament seçkilərinin nəticələri ilə bağlı mübahisələr şifahi prosedur qaydasında araşdırılır.

Qanunvericiliyə əsasən, Ermənistan Konstitusiya Məhkəməsi müraciətin daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində işə baxaraq qərar qəbul etməlidir.

Açıqlamada qeyd olunub ki, müraciətin statusu ilə bağlı məlumatları Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsindən və rəsmi “Facebook” hesabından izləmək mümkündür.

Xatırladaq ki, daha əvvəl “Güclü Ermənistan” bloku və “Birliyin qanadları” partiyası da seçkilərin nəticələrinin etibarsız sayılması tələbi ilə Ermənistan Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Bundan başqa, “Hayastan” bloku və “Çiçəklənən Ermənistan” Partiyasının da məhkəməyə müraciət edəcəyi bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin