Rusiya vətəndaşı Ermənistanda 11 ay 10 gün azadlıqdan məhrum edildikdən sonra sərbəst buraxılıb

2026/06/1781878628.jpg
Oxunub: 229     18:09     19 İyun 2026    
Rusiya Federasiyasının vətəndaşı Pavel Danilov 11 ay 10 gün azadlıqdan məhrum edildikdən sonra sərbəst buraxılıb.

Ordu.az xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb.

Bildirilib ki, Pavel Danilova qarşı Rusiyada sosial şəbəkələrdə yazdığı şərhlərə görə “terrorizmə bəraət qazandırma” və “ekstremist fəaliyyətə açıq çağırışlar” ittihamları ilə cinayət işi başlanmışdı.

Məlumata görə, Danilov bundan əvvəl yaşadığı bölgənin yerli hakimiyyət orqanlarını tənqid etmiş, müharibə əleyhinə fikirlər səsləndirdiyinə görə isə onun barəsində əvvəlcə inzibati protokollar tərtib edilmiş, daha sonra cinayət işi açılmışdı.

Ermənistan məhkəmələrində və Miqrasiya və Vətəndaşlıq Xidmətində Pavel Danilovun maraqlarını Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin vəkili Samson Qalstyan müdafiə edib.

Vəkil onun azadlığa buraxılması və Rusiya Federasiyasına mümkün ekstradisiyasının qarşısının alınması istiqamətində zəruri hüquqi addımlar atıb.

Hüquq müdafiə təşkilatı bəyan edib ki, Ermənistana siyasi baxışlarına görə təqiblərdən qaçaraq gələn xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər öz ölkələrinə qaytarıldıqları təqdirdə işgəncə, qeyri-insani rəftar, fiziki və psixoloji zorakılıq və ya məhkəməsiz edam təhlükəsi ilə üzləşə bilərlərsə, Ermənistan onları həmin ölkələrə təhvil verməkdən çəkinməlidir.

Təşkilat vurğulayıb ki, belə şəxslərə qarşı Rusiya hüquq-mühafizə orqanlarının əsassız və qanunsuz cinayət təqibləri əsasında həbs və ya digər hüquqi prosedurlar da tətbiq edilməməlidir.

Açıqlamada qeyd olunub ki, Ermənistan Konstitusiyasına, daxili qanunvericiliyə və insan hüquqlarının müdafiəsi sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq, işgəncə və ya qeyri-insani rəftar riski olan şəxslərin həmin ölkələrə ekstradisiyasından çəkinməyə borcludur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin