Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsi məlumat yayıb.
Məlumata görə, 2026-cı il iyunun 19-da “Birliyin Qanadları” partiyasının nümayəndəsi Konstitusiya Məhkəməsinə ərizə təqdim edərək 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri üzrə qəbul edilmiş qərara etiraz edib.
Ermənistan Konstitusiya Məhkəməsinin açıqlamasında bildirilib ki, müraciət daxil olduqdan sonra iki gün ərzində keçiriləcək işçi iclasda onun icraata qəbul olunmasının mümkünlüyü müzakirə ediləcək.
Ərizə icraata qəbul edilərsə, iş üzrə məruzəçi hakim təyin olunacaq və məhkəmə baxışına hazırlıq prosesi başlanacaq.
Məlumata görə, parlament seçkilərinin nəticələri ilə bağlı mübahisələrə Konstitusiya Məhkəməsində şifahi prosedur qaydasında baxılır.
Qanunvericiliyə əsasən, məhkəmə müraciətin daxil olduğu tarixdən etibarən ən gec 15 gün ərzində işi araşdırmalı və qərar qəbul etməlidir.
Məhkəmə həmçinin bildirib ki, müraciətin statusu ilə bağlı məlumatları rəsmi internet səhifəsində və sosial şəbəkələrdəki rəsmi hesablarında izləmək mümkündür.
Xatırladaq ki, daha əvvəl “Güclü Ermənistan” bloku da seçkilərin nəticələrinin etibarsız sayılması tələbi ilə Ermənistan Konstitusiya Məhkəməsinə müraciət etmişdi.
Məlumata görə, eyni məsələ ilə bağlı bu gün “Çiçəklənən Ermənistan” partiyası və “Hayastan” bloku da Ermənistan Konstitusiya Məhkəməsinə müraciət edəcək.
Alpər Mövludoğlu
Ordu.az