“Çiçəklənən Ermənistan” Partiyası da seçkilərin nəticələrinə etiraz edərək Konstitusiya Məhkəməsinə müraciət edib

2026/04/1775489688.jpg
Oxunub: 203     18:06     19 İyun 2026    
“Çiçəklənən Ermənistan” Partiyası 2026-cı il iyunun 7-də keçirilmiş Ermənistan parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsi məlumat yayıb.

Məlumata görə, 2026-cı il iyunun 19-da partiyanın nümayəndələri Konstitusiya Məhkəməsinə ərizə təqdim edərək Ermənistan parlamentinə seçkilərin nəticələri əsasında qəbul olunmuş qərara etiraz ediblər.

Ermənistan Konstitusiya Məhkəməsindən bildirilib ki, müraciət daxil olduqdan sonra iki gün ərzində onun icraata qəbul olunub-olunmaması məsələsinə baxılacaq.

Ərizə icraata qəbul edilərsə, iş üzrə məruzəçi hakim təyin olunacaq və məhkəmə baxışına hazırlıq işləri aparılacaq. Parlament seçkilərinin nəticələri ilə bağlı mübahisələr şifahi prosedur qaydasında araşdırılır.

Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi müraciətin daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində işə baxaraq qərar qəbul etməlidir.

Açıqlamada qeyd olunub ki, müraciətin statusu ilə bağlı məlumatları Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsindən və rəsmi “Facebook” hesabından izləmək mümkündür.

Xatırladaq ki, daha əvvəl “Güclü Ermənistan” bloku, “Birliyin qanadları” və “Demokratiya, qanun, nizam-intizam” partiyaları da seçkilərin nəticələrinə etiraz edərək Konstitusiya Məhkəməsinə müraciət etmişdilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin