Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlərin istintaqı üzrə Baş İdarədə aparılan cinayət işi çərçivəsində Ruben Hakobyanın informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyin təşviqinə yönəlmiş açıqlamalar verdiyinə dair faktlar əldə olunub.
Ermənistan İstintaq Komitəsi bildirib ki, bu hallar ekspertiza rəyi ilə də təsdiqlənib.
Nəzarətçi prokurorun qərarı ilə Ruben Hakobyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə ictimai cinayət təqibi başlanılıb.
Söhbət nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyin qızışdırılmasına və təbliğinə yönəlmiş ictimai çıxışlardan, həmçinin bu məqsədlə material və əşyaların yayılmasından gedir. İttiham üç epizodu əhatə edir.
Keçmiş erməni deputat saxlanılıb və onun barəsində inzibati nəzarət qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim olunub.
Ermənistan İstintaq Komitəsi qeyd edib ki, cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Alpər Mövludoğlu
Ordu.az