İran XİN: Vaşinqton münaqişəni daha da alovlandırmağa çalışır

2026/06/1780764806.jpg
Oxunub: 258     20:52     06 İyun 2026    
İran Xarici İşlər Nazirliyi ABŞ-nin Sirik şəhəri və Qeşm adasındakı radiolokasiya stansiyalarına, eləcə də sahil nəzarəti obyektlərinə endirdiyi zərbələri pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Tehran Times” nəşri məlumat yayıb.

Tehran bildirib ki, hücum aprelin 8-dən qüvvədə olan atəşkəs rejiminin kobud şəkildə pozulmasıdır.

İran tərəfi vurğulayıb ki, hədəfə alınan obyektlər dövlət sərhədlərinin qorunması və beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin olunması məqsədilə istifadə edilirdi.

“ABŞ gərginliyi azaltmaq niyyətində deyil. Vaşinqton öz hərəkətlərinin bütün nəticələrinə görə tam məsuliyyət daşıyır”, - deyə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

İran hakimiyyəti həmçinin qeyd edib ki, ölkənin silahlı qüvvələri özünümüdafiə hüququ çərçivəsində cavab tədbirləri həyata keçirib və hücum edən tərəfin məqsədlərinin qarşısını almağa nail olub.

Nazirlik region ölkələrini öz ərazilərinin İslam Respublikasına qarşı hərbi əməliyyatlar üçün istifadə edilməsinə imkan verməməyə çağırıb. Bundan əlavə, Tehran BMT-yə müraciət edərək hadisəyə təcili reaksiya verilməsini tələb edib.

“İran bütün imkanları ilə öz suverenliyini müdafiə edəcək”, - deyə bəyanatda vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin