ASELSAN-ın PUA əleyhinə sistemləri hədəfləri uğurla məhv edib

2026/06/1780741886.jpg
Oxunub: 314     14:27     06 İyun 2026    
ASELSAN tərəfindən mini və mikro sinfə məxsus Pilotsuz Uçuş Aparatı (PUA) təhdidlərini aşkar etmək və zərərsizləşdirmək məqsədilə hazırlanmış “Polad Günbəz” sisteminin İHTAR, EJDERHA və GÖKBERK komponentləri üç fərqli ssenari üzrə müəyyən edilmiş hədəfləri uğurla vurub.

Ordu.az xəbər verir ki, Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan ASELSAN son dövrlərdə döyüş meydanlarında geniş istifadə olunan mini və mikro PUA-lara qarşı müxtəlif texnologiyalara əsaslanan bir sıra əks-tədbir sistemləri hazırlayıb.

19 müxtəlif ölkədən gəlmiş nümayəndə heyətlərinin, eləcə də yerli və xarici media təmsilçilərinin iştirakı ilə keçirilən təqdimat tədbirində strateji əhəmiyyətə malik PUA müdafiə sistemləri ASELSAN-ın Gölbek Sınaq Mərkəzində uğurla nümayiş etdirilib.

DRONEDEF adlandırılan əks-tədbir kompleksinə İHTAR PUA Önləmə Sistemi, GÖKBERK lazer silah sistemi, KORKUT qəlpəli döyüş sursatlı silah sistemi, GÖKALP avtonom önləyici PUA, EJDERHA AD yüksək güclü elektromaqnit sistemi, ŞAHİN LITE və ŞAHİN DUAL silah sistemləri, eləcə də MİĞFER FPV tipli PUA-lara qarşı özünümüdafiə sistemi daxildir.

Tədbirdə real döyüş şəraitinə yaxın ssenari canlandırılıb. Bu çərçivədə AURA 200G radarına malik İHTAR sistemi, GÖKBERK lazer kompleksi və EJDERHA yüksək güclü elektromaqnit əks-tədbir sistemi sınaqdan keçirilib. Müxtəlif istiqamətlərdən hücum edən çoxsaylı PUA-lara qarşı müdafiə həyata keçirilib.

Ssenariyə əsasən sürü halında yaxınlaşan PUA-lar əvvəlcə aşkarlama alt sistemi tərəfindən müəyyən edilib. Müəyyən edilən PUA-lardan ikisi saniyələr ərzində İHTAR sistemi vasitəsilə zərərsizləşdirilib.

Daha sonra Komanda və İdarəetmə Alt Sistemi işə düşərək qalan təhdidləri fiziki məhvetmə vasitələrinə yönləndirib. EJDERHA və GÖKBERK sistemləri İHTAR tərəfindən ötürülən məlumatlar əsasında hədəfləri izləməyə başlayıb.

PUA-lar atəş məsafəsinə daxil olduqdan sonra GÖKBERK və EJDERHA sistemləri tərəfindən məhv edilib. “Polad Günbəz” konsepsiyasının ən aşağı təbəqəsində yerləşən bu üç sistem mini və mikro sinfə məxsus PUA təhdidlərinə qarşı koordinasiyalı şəkildə fəaliyyət göstərib.

Bildirilib ki, İHTAR sistemi süni zəka dəstəyi ilə erkən xəbərdarlıq imkanı yaradır. Sistem AESA radar texnologiyasını, qabaqcıl görüntü emalı alqoritmlərini və proqramlaşdırıla bilən FPV maneə yaratma qabiliyyətlərini vahid arxitekturada birləşdirir.

Mobil platforma üzərində quraşdırılan EJDERHA sistemi isə yüksək güclü elektromaqnit dalğaları yaradaraq hədəfin elektron avadanlıqlarını sıradan çıxarır. GÖKBERK sistemi isə təbəqəli hava hücumundan müdafiə arxitekturasının tərkib hissəsi kimi lazer silahı vasitəsilə hədəflərin fiziki məhvini təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   PUA  


Bizi "telegram"da izləyin