Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, səfər Vaşinqtonun Tehranla ilkin qarşılıqlı anlaşma memorandumu imzalamağa hazırlıq prosesinin tərkib hissəsidir. Həmin sənəd gələcək nüvə sazişi və münaqişənin dayandırılması ilə bağlı daha əhatəli danışıqlar üçün əsas rolunu oynamalıdır.
ABŞ rəsmilərinin sözlərinə görə, İranla danışıqlar artıq yekun mərhələyə yaxınlaşsa da, tərəflər arasında hələlik son razılaşma əldə olunmayıb. “Axios”un mənbələrindən biri bildirib ki, texniki məsləhətləşmələrə hazırlıq işlərinin aparılması sazişin yaxın vaxtlarda imzalanacağı anlamına gəlmir, lakin danışıqların ciddi mərhələyə keçdiyini göstərir.
Məlumata əsasən, ABŞ administrasiyası artıq təxminən 100 mütəxəssisdən ibarət işçi qrup formalaşdırıb. İlkin razılaşma əldə ediləcəyi təqdirdə bu qrup prosesə cəlb olunacaq. Ekspertlərin vəzifəsi gələcək sazişin texniki detallarını hazırlamaq, o cümlədən uranın zənginləşdirilməsinə nəzarət mexanizmlərini, nüvə materiallarının utilizasiyasını və öhdəliklərin yerinə yetirilməsinin yoxlanılması prosedurlarını müəyyənləşdirmək olacaq.
“Oak Ridge” Milli Laboratoriyası və Milli Nüvə Təhlükəsizliyi Kompleksinin Y-12 obyektində ABŞ-nin uranın emalı və sentrifuqa texnologiyaları sahəsində aparıcı mütəxəssisləri fəaliyyət göstərir. Bu mərkəzlər daha əvvəl Qazaxıstan və Liviyaya aid beynəlxalq nüvə proqramlarında da iştirak ediblər.
Mənbələrin məlumatına görə, müzakirə olunan çərçivə razılaşmaları 60 günlük atəşkəs və gərginliyin azaldılması mexanizmlərini nəzərdə tutur. Sənədə Hörmüz boğazının açıq saxlanılması, İran neftinin ixracına icazə verilməsi və İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı tammiqyaslı danışıqların başlanması kimi məsələlərin daxil edilməsi müzakirə olunur.
Bununla belə, tərəflər arasında ciddi fikir ayrılıqları qalır. ABŞ zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması üçün 60 günlük müddət tələb edir, İran isə bu müddətin 90 günə qədər uzadılmasını təklif edir. Bundan əlavə, İranın dondurulmuş maliyyə aktivləri məsələsi də mübahisə mövzusu olaraq qalır. Vaşinqton əsas addımlar atıldıqdan sonra aktivlərin mərhələli şəkildə açılmasını təklif edir, Tehran isə artıq ilkin mərhələdə vəsaitlərin bir hissəsinə çıxış əldə etmək istəyir.
CNN-in məlumatına görə, İranın Ali Rəhbərinin müşavirlərindən biri danışıqların məhz dondurulmuş aktivlər ətrafında yaranmış fikir ayrılığı səbəbindən çıxılmaz vəziyyətə düşdüyünü bildirib və “topun Trampın meydançasında olduğunu” vurğulayıb.
ABŞ-dəki mənbələr Ağ Evin iranlı nümayəndələrdən “müsbət siqnallar” aldığını bildirsələr də, İran rəhbərliyi daxilində gələcək addımlarla bağlı fikir ayrılıqlarının davam etdiyi qeyd olunur. Razılaşma ikinci mərhələyə keçərsə, Uitkoff və Kuşnerlə görüşən ekspertlər qrupu İranın nüvə proqramının məhdudlaşdırılması və onun üzərində nəzarət mexanizmlərinin yaradılması üzrə texniki plan hazırlayacaq.
Sevinc Əliyeva
Ordu.az