NATO ölkələri Ukrayna üçün 70 milyard avroluq yeni hərbi yardım paketini müzakirə edir

2026/06/1780728271.jpg
Oxunub: 298     10:42     06 İyun 2026    
NATO üzvü olan ölkələr Ukraynaya ayrılacaq yeni 70 milyard avroluq hərbi yardım öhdəliyini müzakirə edirlər.

Ordu.az xəbər verir ki, bu barədə NATO-dakı dörd diplomat “Politico” nəşrinə məlumat verib.

Məlumata görə, təşəbbüs ötən ay Almaniya tərəfindən irəli sürülüb və gələn ay Ankarada keçiriləcək NATO sammiti zamanı elan oluna bilər.

Yeni mexanizm Ukraynaya ayrılan vəsaitlərin daha şəffaf şəkildə izlənilməsini nəzərdə tutur. Bir sıra ölkələr indiyədək Kiyevə dəstək yükünün qeyri-bərabər bölüşdürülməsindən narazılıq ifadə ediblər.

NATO-dakı yüksək vəzifəli diplomatların sözlərinə görə, əsas məqsəd Ukraynaya dəstəyin davamlı və daha ədalətli əsaslarla təmin olunmasıdır.

Rusiya-Ukrayna müharibəsinin dörd ildən artıq davam etdiyi bir vaxtda NATO ölkələri Kiyevə dəstəyin zəifləməsinin qarşısını almağa çalışırlar. Bir çox ekspert hesab edir ki, hazırda Ukrayna döyüş meydanında təşəbbüsü tədricən öz xeyrinə dəyişməyə başlayıb.

Donald Tramp administrasiyası dövründə ABŞ Ukraynaya yeni hərbi yardım paketlərinin böyük hissəsini dayandırıb və hazırda əsasən müttəfiqlər tərəfindən maliyyələşdirilən silah satışlarını həyata keçirir.

Ukrayna Prezidenti Volodimir Zelenski NATO Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında Avropa ölkələrini daha çox “Patriot” raketi tədarük etməyə çağırıb.

Zelenski bildirib ki, İranla müharibə səbəbindən ABŞ və onun Körfəz bölgəsindəki müttəfiqləri minlərlə hava hücumundan müdafiə raketi istifadə edib və bu vəziyyət Ukraynanın ehtiyac duyduğu sistemlərin çatışmazlığına səbəb olub.

Kiel İnstitutunun hesabatına görə, Avropa ölkələri 2026-cı ilin yanvar-aprel aylarında Ukraynaya aylıq orta hesabla 2 milyard avro həcmində hərbi yardım ayırıblar. Bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınan aylıq 2,4 milyard avroluq yardımdan bir qədər aşağıdır.

Hesabatda həmin müddət ərzində ABŞ tərəfindən yeni hərbi yardımın qeydə alınmadığı da vurğulanıb.

Ukraynaya dəstək məsələsinin 2026-cı il iyulun 7-8-də keçiriləcək NATO liderlər sammitinin əsas gündəm mövzularından biri olacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna  


Bizi "telegram"da izləyin