Ordu.az xəbər verir ki, bu barədə “Science Daily” nəşri məlumat yayıb.
Alimlər belə nəticəyə gəliblər ki, generativ süni zəka işçilərə zərər vermək əvəzinə onların iş prosesinə daha çox cəlb olunmasına və karyera dəyişikliklərinə daha yaxşı hazırlaşmasına kömək edə bilər. Bunun üçün texnologiyanın rəqib deyil, köməkçi kimi qəbul edilməsi vacibdir.
Bu nəticəyə Finlandiyanın Vaasa Universitetinin tədqiqatçısı Çje Çju gəlib. O, doktorluq dissertasiyasında “ChatGPT” və “Gemini” kimi sistemlərin iş proseslərini necə dəyişdirdiyini və əməkdaşların peşələrinə münasibətinə necə təsir göstərdiyini araşdırıb.
Hazırda bir çox işçi hesab edir ki, süni zəkanın geniş yayılması onların bacarıqlarına olan tələbatı azaldacaq və ya iş prosesləri üzərində nəzarətin itirilməsinə səbəb olacaq. Lakin araşdırmanın nəticələri göstərib ki, bu qorxular çox vaxt yeni bacarıqların mənimsənilməsi üçün stimul rolunu oynayır. İnsanlar müasir texnologiyaları daha fəal şəkildə öyrənməyə və onları peşəkar inkişaf üçün istifadə yollarını axtarmağa başlayırlar.
Çju NVIDIA şirkətinin baş direktoru Censen Huanqın fikirlərini xatırladıb. Onun sözlərinə görə, işçiləri süni zəkanın özü deyil, ondan işində səmərəli istifadə etməyi öyrənmiş insanlar əvəz edir.
Araşdırma göstərib ki, generativ süni zəkaya daha müsbət yanaşan əməkdaşlar iş prosesində daha yüksək fəallıq nümayiş etdirir və əmək bazarındakı dəyişikliklərə daha yaxşı uyğunlaşırlar.
Alim süni zəkaya etimad məsələsinə də xüsusi diqqət yetirib. Onun fikrincə, həddindən artıq etimad tam skeptisizm qədər təhlükəli ola bilər. Əgər insan süni zəkanın cavablarını qeyd-şərtsiz qəbul edirsə, yanlış məlumatlardan istifadə etmək riski ilə üzləşir. Digər tərəfdən, texnologiyadan tam imtina etmək də işçiləri məhsuldarlığı artırmaq imkanlarından məhrum edir.
Tədqiqat həmçinin göstərib ki, süni zəkanın tətbiqinin uğuru texnologiyanın özündən daha çox təşkilatların ondan praktiki şəkildə necə istifadə etməsindən asılıdır. Şirkətlər etik məsələləri, məlumatların qorunmasını və yeni rəqəmsal alətlərin məsuliyyətli idarə olunmasını nəzərə almalıdırlar.
Çju generativ süni zəkanın tətbiqi üçün səkkiz mərhələdən ibarət model hazırlayıb. Bu model təşkilatlara eksperiment mərhələsindən texnologiyanın tam və məqsədyönlü tətbiqinə keçməyə kömək edir. Onun fikrincə, dünya tədricən elə bir gələcəyə doğru irəliləyir ki, süni zəka sistemləri gündəlik iş proseslərinə bu gün kompüter və internetin istifadə edildiyi qədər təbii şəkildə inteqrasiya olunacaq.
Alim hesab edir ki, süni zəkanın iqtisadiyyata təsiri sənaye inqilabının təsiri ilə müqayisə oluna bilər. Bəzi peşələr həqiqətən yox olacaq, lakin eyni zamanda süni zəka infrastrukturu, məlumat emalı mərkəzləri və rəqəmsal xidmətlərlə bağlı tamamilə yeni sahələr və karyera istiqamətləri yaranacaq.
Tədqiqatçının qənaətinə görə, bu gün əsas sual süni zəkanın əmək bazarını dəyişdirib-dəyişdirməyəcəyi deyil, insanların onunla birlikdə işləməyi nə qədər sürətlə öyrənə biləcəyidir.
Sevinc Əliyeva
Ordu.az