Ordu.az xəbər verir ki, bu barədə “JAM News” məlumat yayıb.
“Gürcüstanda demokratik institutların fəaliyyəti” adlı sənəd ölkə üzrə həmməruzəçilərin monitorinq nəticələrinə əsaslanır. Qətnamədə vətəndaş cəmiyyətinə, müxalif qüvvələrə və tənqidi mövqedə olan media qurumlarına qarşı təzyiqlərin davam etdiyi qeyd olunur.
Assambleya Gürcüstan hakimiyyətini müxalifətin təqibinə son qoymağa və repressiv hesab edilən qanunvericilik normalarının tətbiqindən imtina etməyə çağırıb. Sənəddə vurğulanır ki, müxalif partiyaların qadağan olunmasına yönəlmiş cəhdlər və onların liderlərinə qarşı cinayət təqibləri siyasi qütbləşməni daha da dərinləşdirə və demokratik proseslər üçün təhlükə yarada bilər.
AŞPA hesab edir ki, ölkədə mövcud vəziyyət tam azad və rəqabətli seçkilərin keçirilməsi üçün lazımi şərait yaratmır. Bu səbəbdən hakimiyyətə müxalifət və vətəndaş cəmiyyəti ilə açıq və inklüziv dialoq başlamaq çağırışı edilib. Qətnamədə söz və toplaşmaq azadlıqlarına qoyulan məhdudiyyətlər, həmçinin müstəqil media və qeyri-hökumət təşkilatlarına qarşı təzyiqlər də tənqid olunub.
Assambleya aşağıdakı qanunların yenidən nəzərdən keçirilməsini tələb edib:
- xarici təsirin şəffaflığı haqqında qanun,
- xarici agentlərin qeydiyyatı haqqında qanun,
- son dövrdə qəbul edilmiş digər normativ dəyişikliklər.
Bundan əlavə, AŞPA polis zorakılığı ilə bağlı iddialardan və saxlanılan şəxslərə qarşı qəddar rəftar barədə məlumatlardan narahatlığını ifadə edib və müstəqil araşdırmalar aparılmasına çağırıb.
Qətnamədə həmçinin ATƏT-in Moskva Mexanizmi üzrə hesabatının nəticələrinə dəstək ifadə olunub və Gürcüstan hakimiyyətindən həmin tövsiyələri yerinə yetirmək tələb edilib.
Sevinc Əliyeva
Ordu.az